“Etelaabama” saytı Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ arasında imzalanan üçtərəfli bəyannaməyə münasibət bildirərək, bu sazişin İran üçün ciddi nəticələr doğura biləcəyini iddia edib.
Məqalədə yazılıb ki, bu razılaşma Ermənistanın “düşmənlə dostluq əli sıxması”, Tehranın isə bölgədəki mövqeyini itirməsi ilə nəticələnə bilər.
“Danışılmamış məsələlərlə dolu sülhə imza atmaq” kimi təqdim edilən bəyannamə, xəbər portalına görə, Ermənistanın baş naziri Nikol Paşinyanın uzun müddət yaşadığı məğlubiyyətlər və xarici basqılar fonunda fərqli siyasi qərarlar verməsinin nəticəsidir.
Yazıda bildirilib ki, Rusiya bütün diqqətini Ukrayna müharibəsinə yönəldiyi üçün Cənubi Qafqazda nüfuzunu itirib. Eyni zamanda, İran və Azərbaycan münasibətlərinin yaxşılaşması da Ermənistanı Qərbə, xüsusilə də Amerikaya yönəlməyə sövq edib.
Sitat: “Ermənistan və Azərbaycan arasında əldə olunan razılaşma bölgədə yeni tranzit dəhlizlərin və ticarət marşrutlarının yaranmasına səbəb ola bilər. Bu, İranın regional iqtisadi və geosiyasi mövqeyinə zərbə vurmaqla yanaşı, Amerikanın bölgədəki iştirakını da gücləndirəcək. Bu proseslər Tehran üçün “diplomatik oyunda itirilmiş fürsət” kimi qiymətləndirilir. İran bu yeni reallıqlara uyğun olaraq öz strategiyasını təcili şəkildə yenidən nəzərdən keçirməlidir”.
visiontv.az