Otelə yerləşən kimi aşağı enib qarşıdakı marketdən su alacaqdım. Yoldaşım “Portoda krandan gələn su o qədər təmizdir ki, heç kim içməli su almır” dedi. “Bəxtəvərlər” deyə ah çəkdim. Ancaq yenə də bu su məsələsini bir az araşdırmaq istədim…
Kran suyu sadəcə texniki məsələ deyil.
Bir etimad mədəniyyətidir bu – dövlətə, elmə və təbiətə güvənmək.
Vyana, Sürix, Amsterdam, Oslo, Stokholm, Helsinki, Kopenhagen kimi şəhərlər həm də evlərə axan təmiz suları ilə də seçilirlər. Və bu şəhərlər siyahısında Porto və Portuqaliya paytaxtı Lissabon da var.
“Bir şəhərin mədəniyyət səviyyəsini onun kran suyuna baxmaqla da ölçmək olar”, – hansısa bir məqaləmdə yazmışdım…
Portoda (və ümumiyyətlə bütün Portuqaliyada) kran suyu içmək tamamilə təhlükəsizdir. Şəhərin içməli suyu əsasən Douro çayının yuxarı hissəsindən – təmiz, sənaye təsislərinin az olduğu vadilərdən gəlir. Suyun idarəsi “Aguas do Porto” adlı şirkəti tərəfindən həyata keçirilir. Onlar müasir filtrasiya və ultrabənövşəyi sterilizasiya sistemləri tətbiq edirlər.
Portuqaliya Avropa İttifaqının içməli su standartlarına tam cavab verir. Avropa Komissiyasının son hesabatına görə Portodakı suyun 98-99%-i “yüksək keyfiyyətli içməli su” kateqoriyasına daxildir. Suyun pH səviyyəsi 7,2–7,8 arasıdır, mineral tərkibi çox balanslıdır – az natrium, təbii kalsium və maqnezium.
Yəni, bu su nə çox “ağır”, nə də çox “yumşaq”dır – insan orqanizmi üçün idealdır.
Və təsadüfi deyil ki, Portuqaliya 2023-cü ildə “Avropanın ən keyfiyyətli içməli suya malik ölkələri” siyahısında ilk beşlikdə yer almışdı (İslandiya, Norveç, Avstriya, Finlandiya və Portuqaliya).
Və Porto bu göstəricilərin mərkəzidir…
Porto sakinləri bilir ki, içdikləri su həm təmiz, həm də ekoloji cəhətdən mükəmməldir. Onların gözündə kran suyu içmək həm də plastik butulka tullantısına qarşı olmaq, suyun təbii dövranına hörmət etmək, şəhər infrastrukturuna güvənməkdir.
Avropada restoranlarda “tap water” (kran suyu) istədikdə qarson təəccüblə baxmırsa, bilin ki, orada kran suyu rahatlıqla içilə bilər.
Porto suyu sadəcə içməli deyil. O, şəhərin etibarlılığının, ekoloji vicdanının və mədəni saflığının simvoludur. Onun hər qurtumunda bu torpaqların təmizlik fəlsəfəsi var…
İbrahim Nəbioğlu
visiontv.az