Əraqçı: "İran Livanla münasibətlərdə "yeni fəsil" açmağa hazırdır"
14.12.2025

İranın xarici işlər naziri Abbas Əraqçı “X” hesabında livanlı həmkarı Yusif RacininTehrana səfərdən imtina etməsinə münasibət bildirib. O, bu qərarın onu təəccübləndirdiyini, tam diplomatik münasibətləri olan iki ölkənin nazirlərinin “neytral ərazidə” görüşməsinə ehtiyac olmadığını qeyd edib.

Əraqçı bəyan edib ki, İsrailin Livanı işğal etməsi və atəşkəsin açıq şəkildə pozulması fonunda Yusif Racinin Tehrana gəlməyə hazır olmamasını anlayışla qarşılayır. “Bu səbəbdən onun Beyruta səfər dəvətini qəbul etməkdən məmnunam”, - deyə, Əraqçı öz paylaşımında vurğulayıb.

Son aylarda Tehran və Beyrut arasında İranın dəstəklədiyi Hizbullahın tərksilahı məsələsi ilə bağlı gərginlik yaranıb. Tərəflər kəskin açıqlamalar səsləndirib və Livanın xarici işlər naziri təşkilatın baş komandanı Təbatəbainin öldürülməsindən sonra İranı ölkənin daxili işlərinə müdaxilə etməkdə ittiham edib.

visiontv.az