Ərdoğanın İsveç və Finlandiyanın NATO-a üzv olmasına etirazı Rusiya ilə əlaqəli deyil
15.05.2022

Finlandiya və İsveçin NATO-ya qəbul edilməsinə Türkiyə Prezidenti R.T. Ərdoğanın əleyhinə fikir bildirməsinin Rusiya ilə heç bir əlaqəsi yoxdur. Məsələnin kökündə Skandinav ölkələrində və qismən Finlandiyada uzun illərdir kök salmış, əsasən PKK tərəfdarlarının varlığına göz yumulması və onlara şərait yaradılması, eyni zamanda, fetoçuların varlığı məsələsidir.

Türkiyənin əlinə NATO-ya qəbul edilməsi müqabilində bu ölkələrin siyasətlərində köklü dəyişiklik edilməsi üçün təzyiq etmək fürsəti düşüb və bundan istifadə etmək istəyir. Burda qeyri-müəyyən bir hal yoxdur. Türkiyə vaxtilə Yunanıstanın NATO-ya alınması zamanı etdiyi səhvi etmək istəmir.

Finlandiya və İsveçin NATO-ya alınması və ya alınmaması praktik olaraq heç nəyi dəyişməyəcək. Çünki B. Britaniya və ABŞ onlara zatən təhlükəsizlik qarantiyası verir və ehtiyac halında bu ölkələrə öz ordusunu yerləşdirəcək.

Türkiyənin bu ölkələrin NATO-ya alınması ilə əlaqəli bazarlıq predmetləri çoxdur; Suriya, PKK, F16, F35, silah embarqosu ilə əlaqəli, feto məsələsi, iqtisadi təzyiqlər. Bu şərtlərdən bəziləri və ya bir çoxu ilə əlaqəli müsbət nəticə olacağı halda Türkiyənin razı olacağı şübhəsizdir.

Rusiyaya qalanda isə başını soxduğu bataqlıq gec-tez onu içinə çəkəcək. Buna heç kimin şübhəsi olmasın.

Siyasi şərhçi Azər Qasımov

visiontv.az