Cənub qütbündə kosmosu izləyən alimə 'Nobel' verildi
07.10.2026

2026-cı il fizika üzrə Nobel mükafatı Frensis Halzenə verilib. İsveç Kral Elmlər Akademiyası mükafatın belçikalı alimə ""IceCube" Neytrino Rəsədxanasına və astrofiziki mənşəli yüksək enerjili neytrinoların kəşfinə həlledici töhfələrinə görə" verildiyini açıqlayıb.

F.Halzen ABŞ-nin Viskonsin-Medison Universitetində çalışır.

Professor Halzen ilk dəfə 1988-ci ildə uzaq kosmosdan Yerə çatan neytrinoları aşkarlamaq üçün Cənub qütbündəki buz kütləsindən istifadəni təklif edib. Onun bu ideyası sayəsində 2011-ci ildə Antarktidada inşa edilən "IceCube" rəsədxanası minlərlə işığa həssas sensorun yerləşdirildiyi bir kubkilometrlik nəhəng buz blokundan ibarətdir. Həmin sensorlar uzaq kosmosdan gələn yüksək enerjili neytrinoları qeydə almağa imkan verir. Bununla da tamamilə yeni elm sahəsinin — neytrino astronomiyasının əsası qoyulub.

Karl Deysserot, Peter Heqeman və Georq Naqel

Karl Deysserot, Peter Heqeman və Georq Naqel
Tibb üzrə Nobel mükafatının qalibləri elan olundu

Oktyabrın 5-də 2026-cı il fiziologiya və ya tibb üzrə Nobel mükafatının qalibləri açıqlanıb.

Karl Deysserot, Peter Heqeman və Georq Naqel "işıqla idarə olunan ion kanalları və optogenetika ilə bağlı kəşflərinə görə" bu ali mükafata layiq görülüblər.

Bu həftə ərzində fizika, kimya, ədəbiyyat və sülh üzrə Nobel mükafatı qaliblərinin də adları açıqlanmalıdır. İqtisadiyyat üzrə mükafatın sahibinin isə gələn həftə açıqlanacağı gözlənilir.

Tibb üzrə Nobel mükafatı laureatlarını İsveçin Karolinska İnstitutunun Nobel Assambleyası seçir. Qaliblərə 12 milyon İsveç kronu (1.2 milyon ABŞ dolları) məbləğində pul mükafatı verilir. Bir neçə qalib olarsa, bu məbləğ onların arasında bərabər bölünür.

Mükafatı təqdim edən qurumun məlumatına görə, optogenetika "canlı beyində ayrı-ayrı sinir hüceyrələrinin fəaliyyətini aktivləşdirməyə və ya dayandırmağa imkan verir". Beynin sirlərini açmaq üçün dünyanın müxtəlif laboratoriyalarında bu üsuldan geniş istifadə olunduğu bildirilir.

İlk beş sahə üzrə Nobel mükafatı isveçli ixtiraçı və sənayeçi Alfred Nobelin vəsiyyətinə əsasən təsis edilib. Birinci və İkinci Dünya müharibələri dövründəki qısa fasilələr istisna olmaqla, bu mükafatlar 1901-ci ildən bəri mütəmadi olaraq verilir.

İqtisadiyyat üzrə mükafat isə daha sonralar- 1968-ci ildə İsveçin Mərkəzi Bankı (Riksbank) tərəfindən təsis olunub.

visiontv.az