XALİDƏ HİCRAN HİKMƏTLİ BEYTLƏR
01.10.2026

4 cildlik “ HİKMƏT XƏZİNƏSİ”, 3- cü cild. İYİRNİ İKİNCİ HİSSƏ

Varsa gözün önündə bircə damcı duru su,

Dəyişmək asan deyil, olsa hər tərəfin su.

                            ***

Olsa gülün göyçəyi, o da olmaz qəlbincə,

Özün bəyənib seçsən, sevərsən ta ölüncə.

                           ***

Məqsədi uzaq görən müşküldə itib qalar,

Məqsədi yaxın görən asanca yaxınlaşar.

                            ***

Əgər yanırsa ürək, bir eşqin alovunda,

Onu tapa bilməzsən özgələr ağuşunda.

                             ***

Görmürsə gözün əgər azacıq sevgi dəmin,

Demək, özün qəlbinlə bir özgə eşqindəsin.

                               ***

Tərsliyin gətirsə də bəzən başına bəla,

Ağılla yönətsən sən, heç də qalmazsan dala.

                               ***

Olsa da hər loğmanın, min bir dava-dərmanı,

Eşqin bir dərmanı var, onun vüsaldır adı.

                                ***

Qeyz ilə qalxsan əgər, oturduğun bir yerdən,

Həm ətraf ziyan çəkər, həm də özün özündən.

                               ***

İnsanın ağlı qədər yox qarışıq xəzinə,

Kimi səhmana salır, kimi edir tərsinə.

                               ***

Yol gedəndə uç o yolu, görməzsən bir kolu,

Yavaş-yavaş gedəndə başına yağar dolu.

                               ***

Belə olmuş əzəldən, qoyun yesə xəzəldən,

Əti dadlı, ətirlidir, fərqlənməz çərəzdən.

                                ***

Yamsilasan əgər sən şikəst olan birini.

Ya qıçını qırarsan, ya diş kəsər dilini.

                            ***

Görmədim bu dünyada hər kəsə ola qayğı,

Kimi görür qırağı, kimi edir bayağı.

                             ***

Dörd beşlə, üç dördlə əzəldən olubdur qonşu,

Ona görə "bir" desən, adamın gəlir xoşu.

                              ***

İtidirsə xəncərin, yaraların acıdar,

Acıdırsa bir sözün, xəncər kimi yaralar.

                              ***

Diləklər hasil olsa, kam alırlar arzular,

Hasil olmasa dilək, nakam qalır arzular.

                               ***

Əgər ağırsa daşın, aşçı bişirsə aşın,

Dadı olmaz o aşın, yenə ağrıyar başın.

                                ***

Arxanda yoxsa dağın, düşmənin olar axın,

Burnu yuxarı olan, unudar fələk çarxın.

                               ***

Hicran ağır, dərd ağır, qəm də köksü dağıdır,

Hicran acı, dərd acı, halın, bil ki, fənadır.

                                 ***

Yoxmuş bu cahanda nə səadət, nə ədalət,

Ədalət görmədim heç, bir anlıqdır səadət.

                                 ***

Özün uzaq durmasan, əgər ki xatakardan,

Xatanın özü bir gün girəcəkdir qapından.

                                 ***

Yoxdursa könül həmdəmin, lap çox üzər qəmin,

Həmdəmin vəfasızsa, bir az da artar qəmin.

                                 ***

Haqq-ədalət heç yoxdur bu dünya bazarında,

Bahalar ucuzlaşdı ucuz bahalaşanda.

                                   ***

Ömrümdə haqq görmədim hər hansısa bir işdə,

Ta dünya yaranandan haqlı, haqsız döyüşdə.

                             ***

Məhsulun bol olarsa, onu payla əl ilə,

Bu dünya zəmisindən getməzsən bir dən ilə.

                              ***

Beş damcı dad damcısı, damcının var qamçısı,

Bir anlıq sevinc dadır, arxada min acısı.

                              ***

İşə həvəs edənlər qalxar söküləndə dan,

Həvəsiz iş eləsən, qazanc gözləmə ordan.

                              ***

Xırmanı boş olanın boş qalacaq cibi də,

Dəni çoxsa zəmidə, gərək verə əli də.

                               ***

Bir gün qardaş, bacından etsən əgər gileyi,

Heç gördün bir ağacdan meyvələr ola eyni?

                                 ***

Sözündə durmayanlar özünü aldadandır,

Sözündə bərk duranlar sözünü udmayandır.

                                ***

Varsa sübhün nur rəngi, gecənin var zülməti,

Öz xeyrin üçün itirmə, özünə hörməti.

                                ***

Olmayan qəlb günəşi, uvandı bilər tərsi,

Nə etsən, qoy qəlbinin işıqlansın günəşi.

                                   ***

Qəlbdir sənin günəşin, varsa, gör sən hər işin,

Qəlbi zülmət olanın düz görməzsən əməlin.

                                ***

Yansa şövqlə ocaq, bir gün o da kül olacaq,

Ömür də yanan ocaq, bir gün sonu bulacaq.

                                  ***

Günlərin keçsə mənasız, ruhun qalar çarəsiz,

Yüyrək at da tənbəlləşər, əgər ki, qalsa başsız.

                                  ***

Sönsə həyat sevgisi, yoxdur ruh əyləncəsi,

Varsa ruh əyləncəsi, olar həyat sevgisi.

                                   ***

Beş barmağın hərəsi bir işi icra edir,

Baş ağıla məhkumdur, qəlbsə sevgi təşnəsi.

                                  ***

Öz kölgəsindən qorxan, özgəyə hey şər atar,

Özgəyə şər atanlar öz kölgəsindən qorxar.

                                 ***

Hər nə olsa, hikmətdə varıdır bir az payı,

Qoyunu öyrədincə, ayı keçər gur çayı.

                             ***

Dar olmasa qəfəsin, demək, ürək genişdir,

Gözəl insanlara xeyirxahlıq keşikçidir.

                             ***

Sevginin ölçüsünü təkcə bilən ürəkdir,

Külüng zərbəsindən xəbərdar olan biləkdir.

                             ***

Tikansızsa sözlərin, tərtəmizdir ürəyin,

Əliaçıq olarsan, hamı dadar çörəyin.

                            ***

Gələ elə sabah ki, gülə üzünə Günəş,

Qəlbində zülmətsə, sənə təsir etməz Günəş.

                             ***

Qəlbi rahat qoymursan, az da olsa, dincələ,

Qəlblər bülbülə bənzər, dərdlər sanki qəcələ.

                              ***

Həyat hərb meydanıdır, səs-küydən yer titrəyir,

Qan axır su yerinə, taxtdan durmaq istəmir.

                               ***

Nə qış, nə yazı dönər, dünya tərkin qılanlar,

Dönüb gəlibdir quşlar, yenə şaddır yuvalar.

 

Xalidə Hicran

visiontv.az