Vasili Yan adlı avara bir rus "yazıçı"sı, onun "Çnigiz xan", "Batı xan" və "Sonuncu dənizə doğru" romanları var. "Üçlük" adlanır. Bu kitabları oxuyanda mən orta məktəbdə idim. İndi dəqiq xatırlamıram, kitabların birində sarsaq bir epizod vardı, yaddaşımda ilişib qalmışdı. Deməli, 10 əli silahlı türk əsgəri piyada gedir.
At üstündə olan bir monqol əsgəri onların qabağını kəsir. Türk əsgərlərinin birinə əmr edir ki, o birilərin əlini bağlasın. Türk əsgəri növbə ilə sakitcə silahdaşlarınını əl-qolunu bağlayır. Sonda monqol əsgəri atdan düşür, sonuncu türk əsgərinin də əl-qolunu bağlayır, onunu da atın qabağına salıb əsir aparır...
Yuxarıda misal gətirdiyim epizod mənə sillə kimi təsir etmişdi, özümə gələ bilmirdim. Üstündən illər keçdi, Bakıda 1988-ci ilin Meydan hadisələri başladı. Mən bu hadisələrin iştirakçısı, meydanlara sığmayan, "Azadlıq" hayqıran və onu qazanan insan ümmanının bir damlası idim. Həmin günlərdə yadıma, Vasili Yanın kitabları, "Bir monqolla 10 türk əsgərinin nağılı" düşdü. Evə gəldim, "Üçlüyü" atamın kitabxanasından götürdüm, balkona çıxdım. Gecənin bir aləmi idi, yağış yavaş-yavaş çiskiləyirdi. Vasili Yanı bir-bir, ləzzətlə 6-cı mərtəbədən həyətə vızıldatdım. “Allah yalançıya lənət eləsin” dedim. Amma atama bir söz demədim, kitablar onunku idi, bilmirdim nə deyəcəkdi...
Qalib ARİF
visiontv.az