Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024-ün mediada yüksək səviyyədə işıqlandırılmasını təmin etmək məqsədilə yerli KİV nümayəndələri üçün akkreditasiya ilə bağlı seminar keçirib. Seminar zamanı jurnalist və fotoqraflara akkreditasiya prosesi, media mərkəzinin fəaliyyəti və onların yarış zamanı əməl etməli olduqları qaydalar barədə geniş məlumat verilib.
Tədbirdə media nümayəndələrinə Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024 barədə ümumi məlumat, yarış təqvimi, komandaların heyətləri və bu möhtəşəm tədbirin əsas məqamları təqdim edilib.
Beynəlxalq Avtomobil Federasiyası (FIA) və Formula One Management (FOM) şirkəti tərəfindən tənzimlənən akkreditasiya prosesi media nümayəndələrinin işinin beynəlxalq standartlara uyğun təşkil edilməsinə yönəlib və yarış zamanı onların təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirlər görülüb. Hər il olduğu kimi bu il də akkreditasiyaya qeydiyyat prosesi elektron portal üzərindən həyata keçirilib.
Seminarda həmçinin, media nümayəndələrinin yarış boyu iş qrafiki, media mərkəzindəki qaydalar və onlara təqdim olunan texniki imkanlar ətraflı şəkildə müzakirə edilib.
Qeyd edək ki, ötən ilki Azərbaycan Qran Prisini 250-dən çox yerli və beynəlxalq media nümayəndəsi işıqlandırıb.
Xatırladaq ki, paytaxt Bakı səkkizinci dəfə sürət yarışına ev sahibliyi edəcək. Bu il Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 13-15 sentyabr tarixlərində baş tutacaq.
Visiontv.az