Azərbaycan Kino Akademiyası tarixi missiyanın daşıyıcısına çevrildi
29.12.2025

Dekabrın 28-də Azərbaycan Kino Akademiyasının III ‘’Qızıl Pəri’’ Mükafatlarının təqdimetmə mərasimi keçirildi. Sözün əsl mənasında mərasim kinematoqrafçılar tərəfindən böyük qürur və sevinclə qarşılandı. Yeni dövrün tələblərinə adaptasiya, janrlar arasında sərhəd prinsipinin pozulması, yeni kinematoqrafik ifadə vasitələrinin meydana gəlməsi və ifadəsi baxmından audiovizual əsərlər həqiqətən kinomuzda pozitiv proseslərin baş verdiyini isbata yetirirdi. Xəzər Universitetinin Fikrət Əmirov zalında baş tutaq tədbir həqiqətən kino bayramı yaşandı. Audiovizual müəlliflər 30-a yaxın nominasiya üzrə mükafatlara layiq görüldü. Mən xüsusilə bir film üzərində dayanmaq istəyirəm.

‘’Qızıl Pəri’’inin favoriti kinorejissor, Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin üzvü, Avropa Kino Akademiyasının üzvü Vaqif Mustafayevin çəkdiyi ‘’Həyat deyəsən gözəldir’’ bədii filmi oldu. ‘’Ən yaxşı montaj həlli’’, ‘’Ən yaxşı səs həlli’’, ‘’Kişi rolunun ən yaxşı ifası’’, ‘’Ən yaxşı qrim’’, ‘’Ən yaxşı tammetrajlı film’’ nominasiyaları üzrə ‘’Qızıl Pəri’’ mükafatına layiq görüldü. Əlbəttə Vaqif Mustafayev və komandası yaratdıqları mükəmməl işə görə bütün mükafatlara layiqdir. Və elə bu ərəfədə bir daha ‘’Həyat desəyən gözəldir’’ filmi haqqında bir neçə kəlmə yazmağı özümə borc bilirəm. Azərbaycan Kinematoqrafçılar İttifaqının 2024-cü ilin oktyabr ayında keçirilmiş İdarə Heyətinin iclasında demişdim ki, uzun illər Cənubi Qafqazı zəhərləmiş bu münaqişənin başlanması səbəbləri, onun mexanizmləri haqqında ‘’Həyat deyəsən gözəldir’’ filmindən yaxşı nəsə ortaya qoya bilməyəcəyik. Çünki Vaqif Mustafayevin əksər filmlərində uzaqgörənlik, keçmişlə gələcək arasında bağ mövcuddur. Vətən müharibəsindən Cənubi Qafqazda baş verən proseslər təkcə Azərbaycanın ərazi bütövlüyünün bərpası və suverenliyi ilə xarakterizə olunmur. Əsassız torpaq iddiaları ilə yaşayan erməni toplumunun məhz Azərbaycan Liderinin iradəsi ilə sağlamlaşması və bundan sonra gələcək nəsillər üçün təhlükə törətməməsi ilə xarakterizə olunur. Vaqif Mustafayev ‘’Həyat deyəsən gözəldir’’ filmində erməni qardaşlarının timsalında Ermənistan cəmiyyətinin bugünkü vəziyyətini ifadə edir. Bu gün Ermənistan cəmiyyəti iki qütbə bölünüb. Bir qism Azərbaycanla yaxşı əlaqələr qurmaq, regionda davamlı sülhə nail olmağa çalışsa da, digər qismi hələ də revanşist əhval-ruhiyyədən əl çəkmirlər. ‘’Həyat deyəsən gözəldir’’saxta erməni tarixçisi ilə bağlı səhnə Prezident İlham Əliyevin Xankəndidə, separatçıların qondar xəritəsinə baxarkən söylədiyi fikirlərlə səsləşir. Vaqif Mustafayev əslində incəsənətin vacib missiyasını üzərinə götürərək Ermənistan cəmiyyətinə ismarıc verir. - ‘’Həyat deyəsən gözəldir!’’  Bu regionda sülh qazçılmazdır. Nəzərə alaq ki, bu film 2022-ci ildə çəkilib və son üç ildə regionda bir sıra müsbət dəyişikliklər də baş verib. Kinonun əsl missiyası da budur. Zaman ötsə belə keçmişi unutmamaq, sadəcə xatırlamaq və daim ehtiyatlı olmaq. ‘’Həyat deyəsən gözəldir’’ vətəndaş mövqeyini nümayiş etdirməklə, qüdrət və humanist Azərbaycan dünyaya nüumə olaraq təqdim edir. ‘’Həyat deyəsən gözəldir’’ filmininn səngərində partlayan Azərbaycan bombası Dəmir Yumruqdur! Və məhz o erməni cəmiyyətini sağlamlaşdırır. 
Yəni ərazi iddiası ilə yaşayanlar nə qədər qəddar və zalım olsalar da, əslində kənardan gülünc görünürlər. ‘’Həyat deyəsən gözəldir’’ həmin o güzgüdür. Bu filmin hər saniyəsi dəqiq mexanizmdir, daha doğrusu saat mexanizmi kimi işləkdir. Vaqif Mustafayevin filmləri əslində Ən yeni tariximizin bədii, eləcə də sənədli kinoda ən dəyərli daşıyıcıları kimi ümumi epopeyadır. ‘’Fəryad’’ filminin sonunda separatçıların qondarma yuvasının dağılacağına açıq-aydın mesajlar var və Vaqif Mustafayev bunu bəşəri dildə təqdim edir. ‘’Həyat deyəsən gözəldir’’ filmi isə bu epopeyanın növbəti səhifəsi kimi dünyaya çağırışdır. Təbii ki, filmin idarəedicisi rejissordur, quruluş ona məxsusdur. Odur ki, hər bir nominasiya üzrə qazanılan nailiyyətdə Vaqif Mustafayevin dəst-xətti var. Dünya kinosunun 130 illiyinə töhfə vermiş Azərbaycan Kino Akademiyasının münsiflər heyəti bu filmə səs verməklə həm də tarixi missiyasının daşıyıcısına çevrildi. Fürsətdən istifadə edib bütün qalib həmkarlarımızı ürəkdən təbrik edirəm.  

Kamran Qasımov, Azərbaycan Kinematoqrafçılar İdarə Heyətinin üzvü, Avropa Kino Akademiyasının üzvü 

visiontv.az