Azərbaycan ilə Çin arasında texnologiya sahəsi üzrə əməkdaşlq əsas prioritetlərindən biri kimi ön plana çıxır
Azərbaycan ilə Çin arasında texnologiya sahəsi üzrə əməkdaşlq əsas prioritetlərindən biri kimi ön plana çıxır
23.04.2025 Elvin ABBASOV Tərəfindən

Azərbaycan ilə Çin arasında imzalanan “hərtərəfli strateji tərəfdaşlıq” bəyanatı çərçivəsində texnologiya sahəsi əməkdaşlığın əsas prioritetlərindən biri kimi ön plana çıxır. Xüsusilə elm və texnologiya, rəqəmsal iqtisadiyyat, süni intellekt və kosmos sahəsində imzalanmış sənədlər bu istiqamətdə qarşılıqlı marağın və strateji baxışın olduğunu göstərir. Çin bu sahələrdə qlobal liderlərdən biri kimi tanınır və onun təcrübəsi Azərbaycanın texnoloji inkişafında mühüm rol oynaya bilər.

Rəqəmsal iqtisadiyyat üzrə əməkdaşlıq sənədləri Azərbaycanın dövlət xidmətlərinin rəqəmsallaşdırılması, süni intellekt tətbiqlərinin genişləndirilməsi və startap ekosisteminin gücləndirilməsi kimi sahələrdə ciddi imkanlar yaradır. Çin şirkətlərinin bu sahədəki texnoloji həlləri, xüsusilə “ağıllı şəhər”, “e-idarəetmə” və rəqəmsal ödəniş sistemləri üzrə təcrübəsi Azərbaycanın rəqəmsal transformasiya prosesini sürətləndirə bilər.

Kosmos və peyk texnologiyaları üzrə Anlaşma Memorandumu, Azərbaycan üçün yeni texnoloji mərhələnin əsasını qoya bilər. Xüsusilə “Azərkosmos” və Çin kosmik qurumları arasında mümkün əməkdaşlıq peyk məlumatlarının emalı, birgə peyk layihələri və orbitə çıxarma xidmətləri üzrə qarşılıqlı faydalı model yaradacaq. Bu, Azərbaycanın həm milli təhlükəsizlik, həm də iqtisadi inkişaf baxımından strateji imkanlarını genişləndirəcək.

Nəhayət, elmi-tədqiqat və insan resurslarının inkişafı sahəsində əməkdaşlıq gələcək texnoloji müstəqilliyin təməlini təşkil edir. Gənc mütəxəssislərin Çin universitetlərində və texnoloji mərkəzlərində təhsil alması, ortaq R&D layihələrinin icrası və bilik mübadiləsi texnoloji suverenliyin formalaşmasında həlledici rol oynayacaq. Bu baxımdan, Azərbaycan-Çin əməkdaşlığı yalnız iqtisadi deyil, strateji texnoloji tərəfdaşlıq kimi qiymətləndirilməlidir.

AİKTSA sədri Elvin Abbasov

visiontv.az