Bilirsiniz niyə? Çünki prezident İlham Əliyevin qurduğu Azərbaycan modeli ilə Atatürkün qurduğu Türkiyə modeli eynidir. Dünyəvi, müasir, respublika tipli, ordusu güclü, dini siyasətdən ayrı dövlət.
İlham Əliyev üçün Atatürk idealdır. Çünki Atatürk göstərdi ki, müsəlman ölkəsi də dünyəvi ola bilər. Azərbaycan da eyni yolu gedir. Ona görə İlham Əliyev Atatürkü təqdir edir, çünki öz yolunu təqdir edir. Ərdoğanın modeli isə fərqlidir. Ərdoğanın ideoloji kökü siyasi İslamdır. Onun üçün ideal dövlət Atatürkün dünyəvi Cümhuriyyəti yox, II Əbdülhəmidin Osmanlısıdır. Ərdoğan dəfələrlə yeni Türkiyə deyir. O köhnə Türkiyəni Atatürkün Türkiyəsi hesab edir. Yeni Türkiyə isə Osmanlı dəyərlərinə söykənən Türkiyədir. Bu modeldə Atatürk maneədir, dayaq deyil. Bir ölkədə liderin adını hər yerdən silsən, bir nəsil sonra o lider unudulur. Ərdoğan bunu bilir. O, Atatürkü birbaşa söymür, çünki Türkiyədə hələ də Atatürkçü kəsim güclüdür. Amma yavaş-yavaş adını silir. Bu baxımdan İlham Əliyevin Atatürk sevgisi nostalji deyil, strateji seçimdir. O, dünyəvi Azərbaycanı qorumaq üçün dünyəvi Türkiyə modelini nümunə göstərir. Ərdoğanın Atatürk qarşısındakı susqunluğu isə unutqanlıq deyil, strateji susqunluqdur. O, dünyəvi Cümhuriyyəti yeni Osmanlı, yeni Xilafət layihəsi ilə əvəz etmək istəyir və bu yolda Atatürk onun üçün ilham yox, əngəldir.
Şöhrət El-Dəniz
visiontv.az