ABŞ və Avstraliya hərbi əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər
03.09.2026

Avstraliyanın müdafiə naziri Riçard Marlz Vaşinqtonda ABŞ-li həmkarı Pit Heqsetlə görüşündən sonra jurnalistlərə açıqlamasında tərəflərin müdafiə əlaqələrini daha da inkişaf etdirmək barədə razılığa gəldiklərini bildirib.

Visiontv.az-ın "Reuters"ə istinadən verdiyi məlumata görə, Avstraliyada  ABŞ hərbi qüvvələrinin mövcudluğunun genişlənməsi Çinin Sakit okean regionundakı aktivliyinin qarşısının alınmasına dəstək verəcək.

Tərəflər yenidən silahlanma üzrə birgə layihələri yekunlaşdırıblar. Bu razılaşmalar  ABŞ Silahlı Qüvvələrinə  Avstraliya ordusuna təlim keçmək, ölkə ərazisində hərbi texnika saxlamaq, rotasiya həyata keçirmək, aviasiya yerləşdirmək və Amerika gəmilərini maddi-texniki təminatla təchiz etmək imkanı qazandırır. Riçard Marlz əməkdaşlığın yeni mərhələsinin ABŞ hərbçilərinin sayının artması ilə nəticələnib-nəticələnməyəcəyini dəqiqləşdirməsə də, bu il baş tutacaq növbəti nazirlər görüşündən sonra əlavə məlumatlar verəcəyini vəd edib.

Pit Heqset hər iki dövlətin müdafiə strategiyalarının "əhəmiyyətli dərəcədə uzlaşdırıldığını" diqqətə çatdırıb. O qeyd edib ki, müttəfiq ölkələr öz suveren təhlükəsizliklərinə sərmayə yatırmalı və bununla da kollektiv müdafiəyə lazımi töhfələrini verməlidirlər.

Ölkələr arasında hərbi müttəfiqlik həmçinin  ABŞ, Böyük Britaniya və  Avstraliya arasında imzalanmış üçtərəfli  AUKUS paktı çərçivəsində də davam edir. Bir sıra  ABŞ hərbçiləri  Avstraliyanın qərb sahilində yerləşən və 2027-ci ildən etibarən dörd "Virciniya" sinifli sualtı qayığın bazalaşdırılacağı "HMAS Stirling" hərbi dəniz bazasında xidmət göstərir.

Agentlik xatırladır ki, Çin  AUKUS müqaviləsini təhlükəli adlandıraraq onun regionda silahlanma yarışına səbəb olduğunu iddia edir.

visiontv.az