Ötən gecə Münhen şəhərində naməlum şəxslər tərəfindən texnologiya və müdafiə sahəsində ixtisaslaşmış "Rohde & Schwarz" şirkətinin ərazisinə bir neçə "Molotov kokteyli" atılıb.
Visiontv.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Nəşrin məlumatına əsasən, hadisə ilə əlaqədar iki şübhəli şəxs saxlanılıb. Bavariya Kriminal Polis İdarəsi bu hücumun arxasında siyasi motivlərin dayandığını ehtimal edir.
Gecəyarısı bir şahid avtomobildən şirkətin baş ofisinin önündəki əraziyə yandırıcı maye olan şüşələrin atıldığını görərək polisə xəbər verib. Hadisə yerinə cəlb olunan hüquq-mühafizə orqanlarının əməkdaşları alovu qısa müddətdə söndürüblər. BR radiostansiyasının verdiyi məlumata görə, həbs edilənlər Bolqarıstan vətəndaşları olan 28 yaşlı qadın və 38 yaşlı kişidir.
Qeyd edək ki, "Rohde & Schwarz" müəssisəsi, həmçinin Almaniya Silahlı Qüvvələri (Bündesver) üçün təhlükəsiz rabitə sistemlərinin istehsalını həyata keçirir.
visiontv.az