Ceyhun Bayramov ATƏT Parlament Assambleyasının Prezidenti ilə sülh gündəliyini müzakirə edib
03.09.2026

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan ATƏT Parlament Assambleyasının Prezidenti Pere Xuan Pons Sampietro ilə görüşüb.

Bu barədə  Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, görüşdə  Azərbaycan ilə ATƏT Parlament  Assambleyası arasında əməkdaşlıq gündəliyində duran məsələlər, ATƏT məkanında mövcud təhlükəsizlik çağırışları, regionda vəziyyət, habelə  Azərbaycan-Ermənistan sülh gündəliyi müzakirə olunub.

Nazir Ceyhun Bayramov  Azərbaycanın  ATƏT Parlament  Assambleyası ilə əməkdaşlığa əhəmiyyət verdiyini, parlamentlərarası dialoqun  ATƏT məkanında qarşılıqlı anlaşmanın, etimadın və əməkdaşlığın təşviqində mühüm rol oynadığını qeyd edib. Bu çərçivədə, Azərbaycan Milli Məclisinin  ATƏT PA çərçivəsində fəaliyyəti, qarşılıqlı səfərlər və müxtəlif səviyyələrdə keçirilən görüşlərin əlaqələrin inkişafına verdiyi töhfə vurğulanıb.

Nazir Ceyhun Bayramov  Azərbaycanın regionda sülhün və sabitliyin təmin olunması istiqamətində həyata keçirdiyi tədbirlər barədə qarşı tərəfə məlumat verib. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində əldə olunmuş irəliləyişlər və sülh gündəliyinin irəli aparılması ilə bağlı  Azərbaycanın mövqeyi diqqətə çatdırılıb.

Digər məsələlərlə yanaşı, postmünaqişə dövründə bölgədə mövcud olan humanitar məsələlərə toxunan nazir Ceyhun Bayramov mina təhdidinin hələ də  Azərbaycan üçün ciddi təhlükə olaraq qaldığını bildirib. Mina partlayışlarının insan həyatı üçün yaratdığı təhlükə ilə yanaşı, işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinə, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışına və regional inkişaf prosesinə mane olduğu qeyd edilib.

Nazir, həmçinin itkin düşmüş 4000-ə yaxın azərbaycanlının taleyinin müəyyənləşdirilməsinin mühüm humanitar məsələ olduğunu vurğulayıb.

Görüşdə  Azərbaycanın regional və daha geniş beynəlxalq enerji təhlükəsizliyinə töhfəsi barədə də fikir mübadiləsi aparılıb. Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi  Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı rol, enerji mənbələrinin və marşrutlarının şaxələndirilməsi istiqamətində həyata keçirilən layihələr, habelə yaşıl enerji sahəsində təşəbbüslər barədə məlumat verilib.

Azərbaycanın nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən ölkə kimi regional bağlantıların inkişafına verdiyi töhfə qeyd olunub. Orta Dəhlizin inkişafı, Xəzər üzərindən  Avropa ilə Mərkəzi  Asiyanı birləşdirən nəqliyyat və logistika imkanlarının genişləndirilməsi, eləcə də regional kommunikasiyaların açılmasının sülh, sabitlik və iqtisadi inkişaf baxımından əhəmiyyəti vurğulanıb.

Görüşdə həmçinin  Azərbaycanın Orta  Asiya ölkələri ilə strateji tərəfdaşlığının inkişaf edən dinamikasına da toxunulub. C5 formatının C6 formatına transformasiyasının əməkdaşlıq üçün yeni imkanlar yaratdığı qeyd edilib.

Görüşdə, həmçinin  ATƏT məkanında mövcud çağırışlar və qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

visiontv.az