ABŞ ordusu tərəfindən bu ilin əvvəlində Avropada yaradılmış zərbə pilotsuz uçuş aparatları (PUA) batalyonu ləğv ediləcək.
Visiontv.az xəbər verir ki, bu barədə "Wall Street Journal" (WSJ) nəşri ABŞ ordusunun rəsmisinə istinadən məlumat yayıb.
Ötən ilin noyabrında Ukraynadakı döyüş təcrübəsini öyrənmək və briqada qruplarına dəstək məqsədilə robotlardan istifadə konsepsiyalarını hazırlamaq üçün "taktiki pilotsuz sistemlər batalyonu"nun yaradılması barədə qərar qəbul edilmişdi. Yeni bölmənin innovasiyaların tətbiqini sürətləndirəcəyi gözlənilsə də, hazırda batalyon tədricən buraxılır.
Təxminən 600 nəfərdən ibarət bölmə yanvar ayında 173-cü hava-desant briqadasının bazasında 504-cü paraşüt-desant alayının üçüncü batalyonu adı altında rəsmən formalaşdırılıb. PUA bölməsinin hərbçiləri ukraynalı həmkarları ilə məsləhətləşmələr aparmaq üçün Kiyevə səfərlər edib və NATO poliqonlarında onlarla qarşılıqlı əlaqədə olublar.
Ləğvetmə prosesi ABŞ ordusunun qərargah rəisi səlahiyyətlərini icra edən general Kristofer Lanevin strategiyasında nəzərdə tutulub. Halbuki batalyonun yaradılması ilkin olaraq sabiq qərargah rəisi general Rendi Corcun təşəbbüsü idi. Bildirilir ki, bölmə formalaşdırılarkən onun nə qədər müddət ərzində tapşırıqları yerinə yetirəcəyi dəqiqləşdirilməmişdi.
visiontv.az