Hərbi hissəni özbaşına tərk edən şəxs Rusiyadan Azərbaycana ekstradisiya ediləcək
18.08.2026

Daha bir şəxs Azərbaycana ekstradisiya ediləcək.

Bu barədə  Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq  Azərbaycan Respublikasının vətəndaşı Əlicanlı Nahid Rasim oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Belə ki, Qubadlı Hərbi Prokurorluğunda ibtidai istintaq edilən cinayət işi üzrə Əlicanlı Nahid Rasim oğlunun  Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 333.4-1-ci (hərbi hissəni və ya xidmət yerini üç aydan artıq müddətə özbaşına tərk etmə) maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və o istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib.

Hazırda onun  Azərbaycan Respublikasına gətirilməsi məqsədilə Ədliyyə Nazirliyinin Penitensiar  Xidməti tərəfindən beynəlxalq prosedurlara uyğun müvafiq tədbirlər həyata keçirilir.

visiontv.az