Birləşmiş Ştatlar BP şirkətinin Azərbaycandakı iri qaz layihəsində sanksiya altında olan İran və Rusiya tərəfdaşlarının iştirakı ilə ödənişlərin həyata keçirilməsi üçün istifadə edilən xüsusi lisenziyanın müddətini uzadıb.
“Şahdəniz” qaz-kondensat yatağının işlənməsi üzrə konsorsiumun tərkibinə Rusiyanın “LUKOYL” şirkəti və İranın NICO (İran Milli Neft Şirkəti) müəssisəsi daxildir. Konsorsiumun operatoru 29,99 faiz payla BP şirkətidir. 2025-ci ilin ortalarına olan məlumata görə, konsorsiumda “LUKOYL” 19,99 faiz, Türkiyənin TPAO şirkəti 19 faiz, “Cənub Qaz Dəhlizi” (səhmdarları SOCAR və Azərbaycan İqtisadiyyat Nazirliyidir) 16,02 faiz, NICO 10 faiz, Macarıstanın MVM şirkəti isə 5 faiz paya sahibdir.
NICO şirkəti “Şahdəniz” konsorsiumunda fəaliyyətə başladığı ilk dövrlərdən təmsil olunur. Nəşrdə qeyd edilir ki, ABŞ-ın sanksiyaları altında olan İran şirkətinin Xəzər dənizindəki iri Azərbaycan yatağında iştirakı “Vaşinqtonla razılaşdırılıb”. Birləşmiş Ştatlar BP-yə bu konsorsiumda İran şirkəti ilə əməkdaşlıq etməyə rəsmi icazə verib.
Rusiyanın “LUKOYL” şirkəti isə ötən il ABŞ sanksiyalarına məruz qalıb. Həmin vaxt ABŞ hökuməti şirkətə Azərbaycandakı aktivləri də daxil olmaqla, xaricdəki mülkiyyətini satmaq üçün vaxt tanıyıb. Lakin indiyədək “LUKOYL” bu aktivlər üçün alıcı tapa bilməyib.
visiontv.az