Pezeşkian: “İranın Azərbaycanla qohumluq əlaqələri var”
18.02.2026

İran prezidenti Məsud Pezeşkian qonşu ölkələrlə münasibətlərə dair açıqlama verib. O bildirib ki, İran Azərbaycan və qonşu ölkələrlə qohumdur. Onun dediklərinə görə, İranın qonşu ölkələrlə sərhədləri olsa da, tərəflər bir-biri ilə sıx bağlıdır. Dövlət başçısı deyib ki, İranın bölgədəki ölkələrlə dərin və misilsiz tarixi var.

Pezeşkianın sözlərinə görə, İran və region ölkələrini birləşdirən əsas yollar sülh, inkişaf, elm, bilik, sevgi və gücləndirmə yollarıdır. O qeyd edib ki, bu yolların qarşılıqlı şəkildə açılması tərəflərin təhlükəsizliyinin təmin olunmasına və iqtisadiyyatların güclənməsinə imkan yarada bilər.

İran prezidenti ölkələr arasında iqtisadi, sənaye, tibb, mədəniyyət və kənd təsərrüfatı sahələrində təcrübə mübadiləsinin vacibliyini vurğulayıb. Onun fikrincə, bu cür əməkdaşlıq bütün tərəflər üçün faydalı olan davamlı inkişafın əsasını qoya bilər.

visiontv.az