XVI əsrin, ümumiyyətlə qələm tarixinin ən uca zirvələrindən biri… Böyük ispan şairi, yazıçısı və dramaturqu… Onu Şekspir, Viktor Hüqo və bizim Cəfər Cabbarlı kimi nəhənglərlə müqayisə еtmək olar - onların talantı bulaq kimi qaynayırdı, sel kimi axırdı...
Amma selin də böyüməsi, ümmana çevrilməsi üçün zaman və məkan lazımdır. Bizim Cəfər Cabbarlı kiçik bir ölkədə doğulmuşdu, 36 yaşında həyatla vidalaşanda, artıq bütün dünyada tanınırdı… Migel de Servantes (1547-1616) isə, böyük ölkənin vətəndaşı olsa da, 36 yaşında ancaq tanınmağa başladı…
Migel faciəvi bir həyat yaşayıb, 1575-ci ildə qardaşı Rodriqo ilə "Günəş" gəmisində Neapoldan Barselonaya qayıdarkən əlcəzairli dəniz quldurları tərəfindən əsir alınıb. Təsdiq olunmuş məlumatlara görə, qul kimi satılıb və hardasa 5 il Əlcəzairdə əsirlikdə qalıb. Əsirlikdən qaçmağa bir neçə dəfə cəhd edən Migel sol qolundan yaralanıb və ömürlük şikəst qalıb. Atası böyük çətinliklə, pul-qızıl verməklə hər iki oğlunu əsirlikdən xilas edib.
Migel Servantes 36 yaşında, “Qalateya” adlı romanla böyük ədəbiyyata gəlib. Sonrakı illərdə özünü şair, dramaturq kimi sınayıb, bütün sınaqları uğurlu alınıb. 1605-ci ildə “Don Kixot”un birinci hissəsini yazmağa başlayıb. Eyni zamanda müxtəlif hekayələrini “Qaraçı qız”, “Qan gücü”, “Ledi Korneliyanın romanı”, “İtlərin söhbəti”ni yazıb. 1615-ci ildə “Don Kixot”un ikinci hissəsini başa çatdırıb. Əvvəlcədən cəngavər romanlarına satira kimi nəzərdə tutulan əsər müəllifdən asılı olmayaraq, insan və zaman haqqında dərin psixoloji analizə çevrilb, bütün dünyanı silkələyib.
“Don Kixot” Lamançlı Don Kixotun sərgüzəştlərindən ibarət iki hissəli roman olmaqla, ədibin dünya şöhrəti qazanmasında əsas yer tutub. Bu roman klassik Qərb və dünya ədəbiyyatının ən yaxşı romanlarından biri sayılır. Onun bədii dili ispan dilinin inkişafında mühüm rol oynayıb. Romanın bu qədər böyük uğur qazanmasının əsas səbəbləri yüksək bədii səviyyəsi (demək olar ki, başdan-ayağa aforizmlərlə yazılıb) və böyük tarixi-psixoloji əhəmiyyətidir.
Və son olaraq. 2011-ci ildə beynəlxalq təşkilatların bütün dünya üzrə keçirdiyi müsabiqədə, “Don Kixot” bütün insanların və bütün zamanların ən yaxşı yazılı sənət əsəri tituluna layiq görülmüş, “Ədəbiyyat tarixinin ən yaxşı kitabı“ seçilmişdir. Fikri soruşulan yüksək səviyyəli respondentlərin 57 faizi “Don Kixot”a səs vermişlər.
Qalib ARİF
visiontv.az