İsveçrə əhali sayına 10 milyonluq limit qoymaq istəyir
14.02.2026

İsveçrə yayda 2050-ci ilə qədər əhali sayının 10 milyon nəfərlə məhdudlaşdırılması üzrə referendum keçirəcək. Səsvermə iyunun 14-nə təyin olunub.

"Reuters" yazır ki, referendumun təşkili yüksək immiqrasiya səviyyəsi ilə bağlı narahatlıqları əks etdirir. Amma bu halda ölkə zəruri işçi qüvvəsindən məhrum qala, Avropa İttifaqı ilə münasibətlərə zərbə dəyə bilər. Əhali sayı 10 milyonu keçərsə, limiti saxlamaq üçün insanların sərbəst hərəkəti barədə Aİ ilə əsas saziş də ləğv oluna bilər.

Referendum təşəbbüsü parlamentdə ən böyük qüvvə olan sağçı İsveçrə Xalq Partiyasından (SVP) gəlib. "Reuters" qeyd edir ki, SVP uzun müddətdir antiimmiqrasiya ritorikasından siyasi kampaniyalarının əsas dayağı kimi yararlanır.

21-ci əsrdə İsveçrənin əhalisi sürətlə artıb. Bu isə infrastrukturun aşırı yüklənməsi, icarə haqlarının artması, maaşların azalması sarıdan narahatlıqlara səbəb olub. 1990-cı illərin ortalarında İsveçrə əhalisi 7 milyon nəfəri keçirdi, hazırda bu say 9 milyondan çoxdur, qonşu ölkələrin əksəriyyətindən daha sürətlə, əsasən də immiqrasiya hesabına artır.

Referendum tərəfdarları "Sevdiyimizi qoruyaq" şüarı altında çıxış edir. Onların istəyi budur ki, 2050-ci ilə qədər əhali sayı 9.5 milyon nəfəri keçərsə, sığınacaq istəyənlərin, onların ailələrinin İsveçrədə daimi yaşamaq imkanları məhdudlaşdırılsın. Sonrakı illərdə isə İsveçrə hökumətinin bu limiti mümkün təbii artım nəzərə alınmaqla tənzimləməsi nəzərdə tutulur.

visiontv.az