ABŞ prezidenti Donald Tramp fevralın 11-də İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündən sonra açıq dedi ki, İranla diplomatiya vacibdir. Ekspertlərin fikrincə, əsas mübahisə İranın nüvə proqramı deyil, onun raket imkanları ilə bağlıdır.
Tramp Tehranla danışıqları davam etdirməyin vacibliyini vurğulayıb. Netanyahu isə israr edir ki, İranın raket proqramı hər hansı razılaşmaya rəsmən salınsın. Tehran bunu dəfələrlə rədd edib.
İsrailin uzunmüddətli strateji məqsədi nüvə məsələsini aşır. Bunu AzadlıqRadiosunun fars xidmətinə Böyük Britaniyada yaşayan müdafiə məsələləri üzrə təhlilçi Hüseyn Aryan deyir.
"Məsələyə geniş baxsaq, İsrailin məqsədi İranın həm İslam Respublikası dövründə, həm də ondan sonrakı mərhələdə müdafiə qabiliyyətlərini kəskin azaltmaqdır", – o bildirib.
Aryanın sözlərinə görə, İsrail İranın raket arsenalını onun ən mühüm hərbi aktivi, "yeganə çəkindirici gücü" kimi qiymətləndirir.
O deyir ki, regiondakı digər dövlətlərin də ballistik raketləri var, lakin İsrail strateqləri İranın proqramını əsasən fərqli sayırlar, çünki bu proqram getdikcə daha çox özünəməxsus, həm də özünü təmin edən xarakter alıb.
İsrailin hesablamalarına görə, qarşısı alınmasa, İran 2028-ci ilədək arsenalını 8 min raketə qədər artıra bilər. "Netanyahunun hazırda nüvə proqramına diqqət verməməsinin səbəbi də məhz budur. Düşünürlər ki, bu məsələ ya nəzarət altındadır, ya da hazırda kritik mərhələdə deyil. Onun əsas diqqəti İranın hərbi və raket maşınını önləməyə yönəlib", – Aryan vurğulayıb.
2025-ci ilin iyununda ABŞ İsrailin İrana qarşı hava kampaniyasına qoşulandan sonra İranın nüvə proqramına ciddi zərbə dəyib. ABŞ Fordo, İsfahan və Nətənzdəki nüvə obyektlərini bombalamışdı.

Raket məsələsi ciddi diplomatik maneədir. Tehran israr edir ki, onun ənənəvi raket proqramı danışıqlar mövzusu deyil. Aryan deyir, raketlərin hazırlanmasını açıq yasaqlayan icbari beynəlxalq müqavilə yoxdur.
Raket Texnologiyalarına Nəzarət Rejimi (MTCR) və Raketlərin Yayılmasına Qarşı Haaqa Davranış Kodeksi kimi çərçivə sənədləri isə könüllü mexanizmlərdir.
Aryan onu da qeyd edir ki, ABŞ-nin İran yaxınlığına hərbi qüvvə cəmləməsi danışıqların uğursuz olacağı halda, alternativ planların olduğunu göstərir. Təhlilçi bu addımı həm çəkindirici amil, həm də təzyiq vasitəsi sayır.
"Bir məqsəd mediada rəy formalaşdırmaq olsa da, bunlar həm də riskli diplomatik manevrlərdir. Məqsəd İranı diplomatiyaya sövq etmək, maksimum güzəştlər əldə etməkdir", – Aryan deyir. O, belə təzyiqin İslam Respublikasını raket proqramını azaltmağa və ya ondan imtinaya məcbur edəcəyinə şübhə ilə yanaşır.
Tramp və Netanyahu nüvə silahına malik İranın qarşısını almaq məsələsində eyni məqsəd güdürlər. Mümkün razılaşmanın əhatə dairəsi ilə bağlı isə fərqli mövqedən çıxış edirlər. Netanyahu məhdud çərçivəli nüvə sazişindən ehtiyatlanır, raket məsələsinin ABŞ-nin hər hansı təklifində qeyd-şərtsiz yer almasını istəyir, Vaşinqtona da buna görə səfər edib.

Bəzi təhlilçilər Trampın diplomatiya ilə bağlı ictimai nikbinliyi ilə bağlı ehtiyatlı olmağa çağırırlar.
"Fikrimcə, Trampın bəyanatları konkret bir məna daşımır, onlara tam əminliklə güvənmək olmaz", – Corc Vaşinqton Universitetində mühazirəçi işləyən Məhəmməd Qaedi belə deyir. Onun fikrincə, Vaşinqtonla İsrail arasında məqbul razılaşmanın nəyi əhatələməsi ilə bağlı görünən fikir ayrılıqları strateji mesajlaşma da ola bilər.
"Bu açıqlamalar ABŞ və İsrail arasında fərqləri əks etdirə bilər, amma həm də bir aldatma əməliyyatı ola bilər. Yəni o, boşluqlardan və fikir ayrılıqlarından danışır, eyni vaxtda qəfil hücuma hazırlaşır", –Qaedi bildirib.
Qaedi ABŞ-nin İrana yaxın zamanda zərbə endirməsi ehtimalını nisbətən aşağı qiymətləndirir. Deyir, daha çox sanksiyaların sərtləşdirilməsi, iqtisadi təzyiqin artırılması gözləniləndir. Təhlilçi ehtimal edir ki, Tramp Qətər və Türkiyə kimi regional aktorların təsiri altında müvəqqəti razılaşmanı qəbul edə bilər. Netanyahu hər hansı sazişə İranın raket proqramına məhdudiyyətlərin salınmasını tələb etsə belə.
İran və ABŞ bu ayın əvvəlində Omanda danışıqlar aparıblar, müzakirələrin davam edəcəyi gözlənilir. Tehran bildirir ki, danışıqlar yalnız onun nüvə proqramına aid ola bilər. Fevralın 11-də İranın ali liderinin baş müşaviri Əli Şəmxani vurğulayıb ki, "raket məsələsi danışıqlar aparan şəxslərin səlahiyyətlərinə daxil deyil".
visiontv.az