Gələn həftə Rusiya, ABŞ və Ukrayna arasında danışıqların növbəti raundunu keçirməklə bağlı razılıq əldə olunub. Bunu Kremlin mətbuat katibi Dmitri Peskov təsdiqləyib. Xəbəri TASS yayıb. Peskov danışıqların yeri və dəqiq tarixi haqda informasiya veriləcəyini deyib: "Amma gerçəkdən də gələn həftə olacaq".
Fevralın 12-də axşam Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərinə Rusiyanın zərbəsindən üç qardaş həlak olub. Onlardan biri azyaşlı idi. Qardaşların iki qohumu isə yaralanıb. Xəbəri Donetsk prokurorluğu yayıb.
Məlumata görə, yaşayış ərazisinə zərbədə iki 19 yaşlı və bir 8 yaşlı qardaş ölüb. Onların anası və nənəsi isə yaralanıb.
Fevralın 13-nə keçən gecə isə Rusiya dronları Odessa vilayətinə zərbə endirib, bir nəfər ölüb, altı nəfər yaralanıb. Onlardan üçünün vəziyyəti ağırdır. Xəbəri vilayət hərbi administrasiyasının başçısı Oleq Kiper yayıb. Onun sözlərinə görə, zərbənin hədəfi Odessada liman, yaşayış, sənaye və energetika infrastrukturu olub.
Nikolayev vilayətinə hücumda da energetika infrastrukturuna, yaşayış məntəqələrinə zərər dəyib.
Ukrayna hakimiyyəti, beynəlxalq qurumlar mülki infrastruktura, dinc əhaliyə hücumları hərbi cinayət sayır. Rusiya isə hücumların hərbi obyektləri hədəflədiyini bildirir.
visiontv.az