Dəmiryol nəqliyyatı üzrə ekspert Əli Ziyayi “Ana” xəbər agentliyinə müsahibəsində bildirib ki, Qafqaz bölgəsində formalaşan yeni logistik marşrutlar, xüsusilə də Zəngəzur dəhlizi İran üçün həm təhdid, həm də fürsət xarakteri daşıyır.
Onun sözlərinə görə, bu dəhliz Azərbaycanın artan tranzit gücünü nümayiş etdirir və regiondakı nəqliyyat balansını dəyişmək potensialına malikdir.
Ziyayi qeyd edib ki, Zəngəzur dəhlizinin açılması ilə Azərbaycan Qafqazda mühüm nəqliyyat mərkəzinə çevrilir və bu, həm Türkiyə, həm də Orta Asiya ilə Avropanı birləşdirən strateji marşrutun formalaşmasına xidmət edir. O, bununla yanaşı, İranın bu prosesdən kənarda qalmasının ölkənin tranzit maraqları üçün ciddi təhlükə yarada biləcəyini vurğulayıb.
Ekspert hesab edir ki, İran üçün ən optimal yol fəal iqtisadi diplomatiyadır: “Regionda baş verən dəyişikliklərə baxmayaraq, İran Ermənistan və Azərbaycanla fəal əməkdaşlıq yolu ilə öz tranzit imkanlarını bərpa edə və yeni logistik fürsətləri dəyərləndirə bilər”.
Onun sözlərinə görə, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi İranın regional gücünü artırmaq üçün mühüm vasitədir. Bu dəhliz Hindistandan başlayaraq İran ərazisindən keçməklə Rusiya və Avropaya uzanır, yüklərin daşınma müddətini və xərclərini əhəmiyyətli dərəcədə azaldır.
Ekspertin fikrincə, Azərbaycan və Ermənistan üzərindən keçən marşrutların bərpası İran üçün mühüm iqtisadi fürsət ola bilər: “Ermənistan, Azərbaycan və onun Naxçıvan bölgəsi marşrutlarının yenidən işə düşməsi həm İranın tranzit imkanlarını genişləndirəcək, həm də Zəngəzur dəhlizi kimi rəqabətli marşrutların yaratdığı riskləri yumşaldacaq”.
Analitik qeyd edib ki, bəzi beynəlxalq aktorlar “Tramp marşrutu” vasitəsi ilə İranın Ermənistan və Rusiya ilə əlaqələrini məhdudlaşdırmağa çalışır. Ancaq Tehranın diplomatik fəallığı və region ölkələri ilə koordinasiyası bu cəhdləri neytrallaşdıra bilər.
visiontv.az