Yaxşı tarixçi tarixi yaxşı yaza bilən deyil, tarixi yaxşı oxuya biləndir
08.09.2026

Napoleonun səfərini qələmə alan ilk ərəb tarixçisi Əbdurrəhman Cəbərtini ən çox təsirləndirən şey, Napoleonun yerli xalqla əlaqə qurmaq üçün alimlər təyin etməsi və öz yanında Avropa mənşəli bir elmi institut yaratması olmuşdu.

Napoleon davamlı olaraq islam uğrunda mübarizə apardığını söyləyirdi; onun hər sözü Quran ərəbcəsinə tərcümə edilirdi. Fransız Ordusunun komandir heyəti də əsgərlərdən islama qarşı hədsiz həssaslıq göstərmələrini tələb edirdi.

Bu, bir tarixçinin qələmə aldığı həqiqətdir, amma əsl həqiqət deyil.

Əsl həqiqət odur ki, ordusunun Misir xalqını əzmək üçün güclü olmadığını başa düşən Napoleon, bütün imamların, qazi, müfti və üləmaların Quranı İmperator Ordusunun lehinə təfsir etməsinə çalışdı.

Bunu təmin etmək üçün Əzhərdə dərs deyən altmış ulamanı ordu düşərgəsinə çağırdı. Onlara, hərbi rütbələr verildi, sonra Napoleon onlara islama, Məhəmmədə və Qurana olan hörmətindən danışdı.

Quranı yaxşı bildiyi açıq-aşkar görünürdü. Bu oyun öz bəhrəsini tezliklə verdi, bir müddət sonra Qahirə xalqının işğalçılara inamsızlığından əsər-əlamət qalmadı.

Yaxşı tarixçi tarixi yaxşı yaza bilən deyil, tarixi yaxşı oxuya biləndir.

Aqşin Yenisey

visiontv.az