İranda bir qayda var. Daxildə problem çoxalan kimi, günahı Azərbaycanın üstünə atırlar. İqtisadiyyat çökür - Azərbaycan. Küçələrdə etiraz var - Azərbaycan. İndi də təzə bəhanə tapıblar. Sən demə biz Azərbaycan öz milli kimliyini dəyişir. Bu cəfəngiyyatın müəllifi isə hamımızın yaxşı tanıdığı qatı ermənipərəst, anti-Azərbaycan şərhçi Ehsan Movəhhediyandır.
"İran Diplomatiyası" adlı nəşrdə öz aləmində "analitik" məqalə yazıb. Məqalə yox, böhtan toplusu. Movəhhediyanın boş məntiqinə görə Azərbaycan məktəblərdə vahid geyim tətbiq edir, din xadimlərinin fəaliyyətini dövlət qeydiyyatına salır, dini radikalizmin qarşısını alır, bu da guya İranın milli təhlükəsizliyinə təhdiddir.Yəni, Azərbaycan öz uşaqlarını dini təbliğatdan qoruyur, məktəbi mədrəsəyə çevirməyə qoymur, bu, Tehranın xoşuna gəlmir. Niyə? Çünki İran illərdir Azərbaycanda məhz dini radikalizm, məzhəbçilik, mollaxana şəbəkəsi vasitəsilə təsirini saxlamağa çalışır. Bakı bu şəbəkənin qarşısını alanda Tehran qışqırır ki, vay, şiə ənənələri zəifləyir. Ay "ekspert", şiəlik nə vaxtdan İranın inhisarında olub? Azərbaycan əhalisinin yarıdan çoxu şiədir və bunu sizdən öyrənməyib. Bizim şiəliyimiz İranda istehsal olunan siyasi islam deyil. Bizim şiəliyimiz tolerantlıqdır, dövlətə hörmətdir, başqasının məscidinə, kilsəsinə toxunmamaqdır. Sizin ixrac etmək istədiyiniz şiəlik isə "Velayət-i Fəqih", küçədə etiraz edən qızı döymək, səfirliyə hücum təşkil etməkdir. Fərqi başa düşürsən? Sən kimə etnik gərginlik dərsi keçirsən? Movəhhediyan bir də utanmadan yazır ki, Azərbaycanın siyasəti İranın şimal-qərbində etnik gərginliyi artırır. Bu qədər həyasızlıq olar? İranda 30 milyondan çox azərbaycanlı yaşayır. Onların ana dilində bir dənə dövlət məktəbi yoxdur. Uşaqlarına türk adı qoymaq qadağandır. Təbrizdə "Ana dilim" deyən tələbəni həbs edirsən, sonra da Bakını etnik gərginlik yaratmaqda ittiham edirsən? "Cənubi Azərbaycan" ifadəsini rəsmi Bakı heç vaxt işlətməyib. Amma sən və sənin kimilər elə bilirsən ki, Təbrizdə, Ərdəbildə insanlar kor-kardır, Bakıda nə baş verdiyini görmürlər. Onlar görürlər ki, şimalda azərbaycanlı məktəbə gedir, yaxşı təhsil alır, işləyir, biznes qurur və sairr. Cənubda isə eyni millət ikinci sort vətəndaş kimi yaşayır. Bu gərginliyi Bakı yaratmır, bunu sənin irqçi fars-molla rejimin yaradır. Məqalənin ən gülməli yeri sonudur. Movəhhediyan təklif edir ki, İran Türkiyə və Rusiya ilə birləşib Bakıya qarşı təzyiq strategiyası qursun. Ehsan bəy, sən hansı dünyada yaşayırsan? Türkiyə ilə Azərbaycan "Bir millət, iki dövlət"dir. Sən Türkiyəni Azərbaycana qarşı qaldıracaqsan? Rusiya isə bu gün Azərbaycanla strateji müttəfiqdir və Zəngəzur məsələsində belə Bakının mövqeyini anlayışla qarşılayır. Sənin Tehran rejimin isə həm Ankara, həm Moskva üçün etibarsız tərəfdaşdır. Bu təklif sənin təkcə savadsız yox, həm də bölgədəki reallıqdan tam xəbərsiz olduğunu göstərir. Bir kəlmə də bu zat haqında deyim. Ehsan Movəhhediyan ekspert deyil, İranın Azərbaycana qarşı apardığı çirkli təbliğat maşınının danışan ruporudur. Onun vəzifəsi analiz aparmaq deyil, hər həftə bir böhtan uydurmaqdır. Bir həftə "Azərbaycan sionistdir", o biri həftə "Azərbaycan şiəliyi məhv edir" kimi səfeh fikirlər istehal edir. Onun qorxusu isə aydındır. Azərbaycan gücləndikcə, dünyəvi, müasir, tolerant dövlət modeli kimi uğur qazandıqca, İranın Cənubi Qafqazda və öz içindəki Azərbaycan türkləri üzərindəki ideoloji təsiri çökür. Buna görə də vahid məktəb formasından belə qorxurlar. Çünki bilirlər ki, o formanı geyinən uşaq sabah mollanın nağılına deyil, öz dövlətinin kitabına inanacaq. Və İranın Qafqazdakı təsiri elə orada öləcək.
Şöhrət El-Dəniz
visiontv.az