Ay olmasaydı, dinozavrlar qırılmasaydı, Roma imperiyası dağılmasaydı...
29.05.2024

DEYİRƏM, görəsən, Ay olmasaydı, dinozavrlar qırılmasaydı, Roma imperiyası dağılmasaydı, Karib böhranı aradan qalxmasaydı, nə olardı?

Ay olmasaydı,..

Təxminən 4,5 milyard il bundan əvvəl yenicə yaranmış Yer qatı buludların əhatəsində fırlanırdı, Günəş sistemində özünə yer axtarırdı. Fırlanma hərəkəti nəticəsində qatı buludlar milyon illərlə mərkəzə doğru sıxılır, iri asteroidlər kimi cisimlərə çevrilirdi və cazibə qüvvəsi nəticəsində dəhşətli bir sürətlə Yerə düşürdü. Bu, böyük toqquşmalar dövrü idi. Günlərin bir günü Mars ölçüsündə nəhəng bir planet Yerlə toqquşdu və təbii ki, bizim planetimizi məhvərindən qopara bilmədi. Ancaq hər iki planetin səthi odlandı, ətrafında odlu bir qövs yarandı və kosmosa milyon tonlarla yanar kütlə tullandı. Bu kütlə fırlanma hərəkəti nəticəsində kürəyə, cazibə qüvvəsi nəicəsində Yerin peykinə çevrildi. Bizim gözəllərlə müqayisə etdiyimiz Ay belə yarandı.

Ayın əmələ gəlməsi ilə Yerdə sutkalar 24 saata qədər uzandı, yoxsa səkkiz saata güclə çatardı. Atmosferimiz oksigenlə daha zəngin olardı, amma karbon qazının da miqdarı kəskin artardı. Yer sürətlə fırlandığından dəhşətli küləklər planetimizə hakim kəsilərdi və ağacların bitməsi, hətta canlıların hərəkət etməsi problemə çevrilərdi. Canlılar balaca boylu, tısbağa kimi çanaqlı olardı və maddələr mübadiləsi sürətlə artardı, yəni onlara yem çatdırmaq çətin olardı. Ay Yerin fırlanma sürətini ləngləşdirdiyi kimi, iqlimini də mülayimləşdirmişdir. Ay olmasaydı, Yerdə sərt kontinetal iqlim hökm sürər, buzlaşma, subasma və quraqlıq sürətlə bir-birini əvəz edərdi. Deməli, 4,5 milyard ilə bundan əvvəl Yerin nəhəng planetlə toqquşması xöşbəxt bir təsadüf idi, planetimizin bəxti gətirimişdi.

Beləliklə, insanın əmələ gəlməsində və Yerə hakim kəsilməsində Ayın əvəzsiz xidmətləri olmuşdur. Ay olmasaydı, insan da olmazdı...

Dinozavrlar qırılmasaydı,..

Deməli, hardasa 65 milyon il bundan əvvəl yer daha bir asteroidlə, amma Marsdan qat-qat kiçiyi ilə toqquşur... Bundan daha 100 milyon il əvvəl isə dinozavrlar quruya və suya hakim kəsilmişdilər. Bu dəfə isə planetimizin bəxti gətirmədi, sözügedən toqquşma nəticəsində canlıların 70-80 faizi tələf oldu. Məsələ onda idi ki, Yerdə artıq iqlim sabitləşmişdi və təkamül prosesi öz axarı ilə gedirdi. Ali canlıların yaranması və şüurun meydana çıxması daha tez (geoloji mənada) baş verə bilərdi. Amma naməlum asteroid dinozavrların mövcudluğuna son qoyduğu kimi, təkamülün də sürətini ləngitdi. Dinozavrlar və daha çox inkişaf etmiş, təkamüldə irəli getmiş canlılar tələf oldular, həşəratlar isə dəlmə-deşiyə girib salamat qaldılar. Təkamül öz gedişini həmin bu həşəratlardan, yenidən başlamalı oldu. Bir sözlə, 65 milyon il bundan əvvəl dinozavrların qırılması təkamülün sürətinin qarşısını aldı, şüurlu insanın yaranmasını 65 milyon il dala saldı.

Roma imperiyası dağılmasaydı,..

476-cı ildə Roma imperiyası dağılmasaydı, təbii ki, inkişaf edərdi və iqtisadi cəhətdən qüdrətli bir dövlətə çevrilərdi. Bu, yalnız imperatorların müharibə etmək, özgə torpaqlarını işğal etmək, bütün dünyaya hökmranlıq etmək niyyfətlərindən əl çəkəcəyi, daimi sərhədləri, daimi şəhərləri, daimi əhalisi olan daimi bir dövlət yaradacağı təqdirdə mümkün ola bilərdi. Roma imperiyası texniki inkişaf cəhətdən artıq buxar maşını düzəltmək və tətbiq etmək səviyyəsinə çatmışdı, əgər çökməsəydi, bu yeniliklər reallaşa bilərdi, əsl sənaye inqilabı baş verə bilərdi. Amma imperiya dağıldı və onun bütün yenilikləri də bu daıntıların altında qaldı.

Roma imperiyası qüdrətli bir dövlətə çevrilsəydi, Atillanın “qamçısı” Avropaya çətin çatardı və Çingizxan dünyası Rusiyanın sərhədləri ilə məhdudlanardı. Amerika qitəsinin açılışından sonra da Avropa öz ənənələrinə sadiq qalardı, kütləvi genosiddən qaçardı və Amerika hazırda hinduların qitəsi olardı. Amma Roma qalsaydı, cəngavər təbəqəsi də qalardı və sadə təbəqənin nümayəndələri - Napoleonlar meydana çıxmazdı. Deməli, demokratiya və parlament də olmazdı.

Karib böhranı aradan qalxmasaydı,..

1962-ci ildə SSRİ ilə ABŞ arasında “soyuq” müharibə az qala “qaynar” fazaya keçmişdi. SSRİ həmin dövrdə silahlanmada çox geri qalırdı və çıxış yolları axtarırdı. Sovetlərin nüvə başlıqlı ballistik raketləri kifayət qədər idi, amma qitələrarası raketlər az idi (cəmi 300 ədəd). ABŞ isə 5000 dən çox raketin üzünü SSRI-yə sarı çevirmişdi. Xruşşov çıxış yolu kimi nüvə başlıqlı ballistik raketləri Kubada yerləşdirməyi və üzünü Amerikaya çevirməyi təklif etdi. Ağır gün “qara” bazara - 27 oktyabra təsadüf edirdi. Həmin gün kubalılar Amerika kəşfiyyat təyyarəsini vurdular, amerikalılar isə sovet sualtı qayıını suyun üzünə qaldırdılar.

Həmin gün dünyanı III - nüvə müharibəsindən yalnız təsadüf saxladı. Əgər Amerika tərəfə bircə güllə atılsaydı və ya Kubada bircə mərmi partlasaydı, müharibə qaçılmaz olacaqdı. Artıq oktyabrın 28-dən etibarən SSRI ABŞ-ın Avropadakı əsas müttəfiqini - Ingiltərəni nişana alacaqdı. Əvvəl hərbi obyektlər, sonra mülki evlər dağılacaqdı. Sonra növbə Qərbi Almaniyaya çatacaqdı, sovetlər Hitlerin intiqamını onun nəvələrindən alacaqdı. Noyabrın ortalarında isə, yəqin ki, bütün Avropa odlara qərq olacaqdı. Müharibənin əsas nəticələri olan aclıq və vərəm cəmiyyətə hakim, əsas göstəriciləri olan quldurluq və dilənçilik isə qənim kəsiləcəkdi. Kim bilir, bəlkə ABŞ-ın özü dünya xəritəsindən silinəcəkdi...

Təbii ki, əks cəbhədə də vəziyyət yaxşı olmayacaqdı. Kuba ilə haqq-hesabı bir anda çürüdən Amerika üzünü SSRI-yə çevirəcəkdi, 5000 raket “nüvə” püskürəcəkdi. II Dünya müharibəsində qırılan 20 milyon adam yalan olacaqdı, III müharibədə sovetlərin tam yarısının qırılması qaçılmaz qalacaqdı. Ümumilikdə isə bu müharibənin qurbanlarının sayı bəşərin bütün müharibələrinin cəmi qurbanlarının sayından yüz dəfələrlə çox olacaqdı. III dünya müharibəsi bəşəri Roma imperiyasının dağıldıı həmin dövrə - 2 min il dala atacaqdı…

VI Dünya müharibəsi isə, Eynşteynin dediyi kimi, qılınc və oxla olacaqdı…

Qalib Arif

visiontv.az