"Azərbaycan riyaziyyatçıları" - professor Mehdi Əliyev
07.09.2024

Mehdi Sadıq oğlu Əliyev 1907-ci il dekabrın 21-də Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur. O, 1920-1924-cü illərdə Gəncə Müəllimlər Seminariyasında oxumuş, bir müddət Gəncədə müəllimlik etmişdir. Ali təhsil almaq üçün Bakıya gələn Mehdi Əliyev 1925-1930-cu illərdə Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsində ali təhsil alır.

O, 1931-1935-ci illərdə ADPİ-də Fizika-riyaziyyat fakültəsinin dekanı vəzifəsində çalışır. Dekan vəzifəsində çalışmaqla yanaşı Azərbaycan Tibb İnstitutunda, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda mühazirələr oxuyur, ixtisaslı kadrların yetişməsinə öz tövhəsini verir. 1933-cü ildə elmi uğurlarına görə ona dosent elmi adı verilir. Azərbaycan Dövlət Universiteti yenidən təşkil edildikdən sonra Mehdi müəllim doğma universitetə qayıtmış, elmi-pedaqoji fəaliyyətini orada davam etdirmişdir. Bacarıqlı təhsil təşkilatçısı, peşəkar fizika müəllimi kimi tanınan Mehdi müəllim ADU-da Fizika-riyaziyyat fakültəsinin dekanı vəzifəsinə seçilir. 1941-ci ilin iyununda rektor Cəbrayıl Ələsgərov kimi o da tələbələrlə birlikdə könüllü olaraq ön cəbhəyə gedir. NKVD-nin (Daxili İşlər Xalq Komissarlığı) 30-cu polkunda sıravi əsgər kimi Donbasın müdafiəsində iştirak edir. Döyüşlərin birində ağır yaralanır və bir müddət hospitalda müalicə olunur. 1942-ci ilin may ayında ordu sıralarından tərxis olunur. Yenidən universitet həyatına qovuşan Mehdi Əliyev 1944-cü ildə Fizika-riyaziyyat fakültəsinin dekanı vəzifəsinə seçilir. O, 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsinə təyin edilir. Mehdi müəllim bu vəzifədə səmərəli fəaliyyət göstərir, tədrisin yüksək səviyyədə təşkilində, müəllimlərin tədris və elmi fəaliyyətlərinin əlaqələndirilməsində, zəruri ixtisaslar üzrə mütəxəssis mütəxəssislərin hazırlanmasında fədakarlıq göstərir. Prinsipiallığı, obyektivliyi, səmimiliyi, xeyirxahlığı, təşkilatçılığı ilə elmi-pedaqoji ictimaiyyət böyük hörmət qazanır, elmdə, tədrisdə, və idarəetmədə sayılıb-seçilən, nüfuzlu şəxsiyyətə çevrilir. Vəzifə pillələrində irəlilədikcə Mehdi müəllimin məsuliyyəti də artmış, daha geniş spektrli imkanları üzə çıxmış, onun bu sahədəki fəaliyyəti universitetdə yüksəkixtisaslı kadr hazırlığında mühüm rol oynamışdır.

1962-ci ildə Mehdi Əliyevin elm, təhsil və idarəçilik sahəsindəki zəngin təcrübəsi və yüksək peşəkarlığı nəzərə alınaraq Azərbaycan Dövlət Pedaqoji İnstitutuna rektor vəzifəsinə təyin olunur. Onun ADPİ-yə rəhbərliyi dövründə institutda axşam şöbəsi yaradılır, yeni fakültələr, şöbələr, kafedralar təşkil olunur. Xarici dillərin intensiv tədrisinə başlanılır, xarici dillər kafedrası yenidən təşkil olunur. Pedaqoqika və psixologiya kafedrasının bazasında iki müstəqil kafedra yaradılır. Müəllim kadrları hazırlığında keyfiyyət önə çəkilir. Qoşa ixtisaslar ləğv olunur, təlim müddəti 5 illikdən 4 illiyə endirilir. İnstitutda ilk dəfə müdafiə şurası yaradılır.

İnstututda yüksək ixtisaslı müəllim kadrlarının hazırlanması, səmərəli elmi-tədqiqat işlərinin aparılması, sağlam təhsil mühitinin yaradılması, respublikanın peşəkar müəllimlərə olan ehtiyacının ödənilməsi Mehdi müəllimin təşkilatçılıq qabiliyyətinin, elmi erudisiyasının, yüksək mədəniyyətinin və şəxsi nüfuzunun sayəsində mümkün oldu. Mehdi müəllimin rektor kimi Pedaqoji İnstitutda qısa müddətli fəaliyyəti ona böyük şan-şöhrət və uğur qazandırdı. Onun fəaliyyəti Azərbaycan KP MK-da və Azərbaycan Respublikası Ali və Orta İxtisas Təhsili Nazirliyində yüksək qiymətləndirildi. 1965-ci ildə Mehdi müəllim yenidən Azərbaycan Dövlət Universitetinə, bu dəfə daha yüksək statusda-rektor kimi qayıtdı.

O, bu vəzifədə 26 dekabr 1970-ci ilə kimi 5 il ləyaqətlə çalışdı. Yaxşı xatırlayıram biz I kursun ikinci semetrində dərsə başlayanda universitetin rektoru vəzifəsində Mehdi Əliyev çalışırdı. Universitetin məzunları arasında xüsusi istedadı və bacarığı ilə seçilənlərin keçmiş SSRİ-nin müxtəlif şəhərlərinə, dünya miqyaslı elmi mərkəzlərin aspiranturasına göndərilməsinin təşəbbüskarı oldu, sonralar onların Bakı şəhərində ilə qəbul olunmasına, mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına xüsusi qayğı göstərdi.

Mehdi Əliyev 1949-cu ildə “Bərk cisimlərin bərkliyinin rəqs üsulu ilə təyini” mövzusunda dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdı. Fizikanın müxtəlif problemləri ilə bağlı məqalələri nüfuzlu elmi jurnallarda nəşr olunmuş, beynəlxalq konfranslarda Azərbaycan elmini ləyaqətlə təmsil etmişdi. Onun zəngin elmi-pedaqoji irsi vardır. Azərbaycan dilində fizika terminologiyasının yaradılmasında, ümumtəhsil məktəbləri üçün fizika dərsliklərinin doğma dilimizə tərcümə edilməsində, ümumtəhsil və ali məktəblər üçün fizika ilə bağlı dərslik və dərs vəsaitlərinin hazırlanmasında Mehdi müəllimin mühüm xidmətləri olmuşdur. O, Azərbaycan dilində yazılmış ilk “Optika” dərsliyinin (professor Niftalı Qocayevlə birlikdə) müəllifi olmuşdur. Tanınmış alim A. F. İoffenin “Molekulyar fizika kursu” kitabının Azərbaycan dilinə tərcüməsi də onun adı ilə bağlıdır.

Mehdi müəllim qeyri-adi pedaqoji qabiliyyətə və istedada malik alim-müəllim idi. O, mexanika, molekulyar fizika və optika üzrə mühazirə oxuyarkən, əvvəlcə tələbələrdə dərsin mövzusuna aid təəccüb və maraq oyadar, yəni motivasiya yaradar, sonra isə mövzunu elmi üslubda yüksək peşəkarlıqla şərh və izah edərmiş. İdarəetmə sahəsində çalışan alimlər dərs deməyə, mühazirə oxumağa o qədər də həvəs göstərmədikləri halda, Mehdi müəllim mühazirə oxumaqdan xüsusi zövq alarmış.

Yuxarıda qeyd etdiyim kimi biz birinci kursun ikinci semestrinə gələndə akademik Şəfayət Mehdiyevin əvəzinə yeni rektor təyin olunmuşdu. Yataqxanada fizika fakültəsinin tələbələri ilə bir otaqda yaşayırdım. Fizika fakültəsinin tələbələrinin Mehdi müəllimin haqqında öz müəllimlərindən eşitdikləri çox maraqlı söhbətlərin şahidi olmuşam. Onlar Mehdi Əliyevin unikal müəllim, fakültə dekanı, kafedra müdiri, ən başlıcası isə insan kimi qeyri adi keyfiyyətlərindən ürək dolusu söhbətlər edirdilər. Sonralar onu uzaqdan-yaxından tez-tez görərdik. Orta boylu, iri eynəkli, ciddi görkəmli bir insan idi. Universitetin dəhlizlərində onu görən tələbə və müəllimlər hörmət və ehtiramla ona yol verər, baş əyib salamlaşardılar. Mehdi müəllim çox böyük nüfuz sahibi idi. Onu sevənlər də, istəməyənlər də onun böyük nüfuzu qarşısında, necə deyərlər, muma dönərdilər. Çünki o, sözünün ağası olan şəxsiyyət idi, müdrik qərarlar verər, haqqı-ədaləti heç zaman pozmazdı. Mən Mehdi müəllimi rektor vəzifəsindən ayrılıb kafedrada dosent kimi çalışdığı illərdə də (1970-1972) çox görmüşəm. O dövrdə də hamı ona ehtiramla yanaşar, hörmətlə salamlaşar, yol verərdilər. Mehdi müəllim mənəviyyatca saf, billur kimi təmiz təmiz müəllim idi. Saflıq, təmizlik, sadəlik, prinsipiallıq, xeyirxahlıq, müdriklik Mehdi müəllimi həmkarlarına, tələbələrinə, bütövlükdə insanlara sevdirən üstün keyfiyyətlər idi. Fəxr edirəm və heç vaxt unutmuram ki, Mexanika-riyaziyyat fakültəsinin fərqlənmə diplomunu mənə 1969-cu ilin yayında Mehdi müəllim təqdim edib.

Mehdi Sadıq oğlu Əliyev cəmi 65 il yaşadı və bu 65 ilin 40 ildən çoxunu millətinə ləyaqətlə, şərəflə, namusla və qüsursuz xidmət edən, elm və təhsil təşkilatçısı kimi örnək olan, ziyalılığı, müdrikliyi, insanlığı ilə onu tanıyanların qəlbində özünə əbədi heykəl ucaltdı.

Professor Mehdi Əliyev 1972-ci il may ayının 4-də Bakı şəhərində vəfat etmişdir. Onun elmi və pedaqoji fəaliyyəti dövlət tərəsindən yüksək qiymətləndirilmişdir. O. “Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi”, “Azərbaycan Respublikasının Əməkdar Müəllimi” fəxri adlarına layiq görülmüş, “Qırmızı Əmək Bayrağı Ordeni” və medallarla təltif edilmişdir.

professor Misir Mərdanov

visiontv.az