Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 6-da Çernobbio şəhərində İtaliyanın “Ansaldo Energia” şirkətinin baş icraçı direktoru Fabrizio Fabbri ilə görüşüb.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, söhbət zamanı “Ansaldo Energia” şirkətinin hazırda Mingəçevirdə Azərbaycanın ən böyük İstilik Elektrik Stansiyasının yenidən qurulmasında iştirakı məmnunluqla qeyd olunub. Orada 1280 meqavat gücündə yeni tikilən stansiya üçün “Ansaldo Energia” şirkəti tərəfindən istehsal olunan dörd ədəd qaz turbininin Azərbaycana gətirilərək quraşdırılmaqda olduğu vurğulanıb. Bildirilib ki, layihənin bu ilin sonunda və ya gələn ilin əvvəlində yekunlaşdırılması nəzərdə tutulur.
Görüşdə “Ansaldo Energia” şirkəti ilə, o cümlədən “yaşıl enerji” sahəsində fəaliyyətin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, bu şirkət Azərbaycanın enerji sisteminin təkmilləşdirilməsində iştirakda çox maraqlıdır. Bu xüsusda, şirkətin “AzərEnerji” ASC ilə əməkdaşlıq etmək niyyətində olduğu vurğulanıb.
Azərbaycanın Energetika Nazirliyi və “AzərEnerji” ASC ilə “Ansaldo Energia” şirkəti arasında əməkdaşlıq haqqında müqavilələrin imzalandığı xatırlanıb, birgə fəaliyyətin gələcəkdə də davam etdiriləcəyinə əminlik bildirilib.