ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenskini Rusiyada dizel infrastrukturuna zərbələri dayandırmağa çağırıb. Bu çağırış Rusiyanın Ukraynaya, o cümlədən Polşa sərhədi yaxınlığına davamlı hücumları fonunda səslənib.
"Xeyli başqa hədəflər var. Dizel yanacağını vurmayın. Rusiyada dizel yanacağı obyektlərini sıradan çıxarmağı dayandırmalısınız", – Tramp sentyabrın 13-də İrlandiyaya səfəri zamanı jurnalistlərə deyib.
Ötən həftə Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Kiyev və Moskvaya səfər ediblər. Vaşinqton müharibə aparan tərəfləri danışıqlar yolu ilə razılaşmaya yaxınlaşdırmağa çalışır.
Tərəflər danışıqları "məzmunlu" adlandırsalar da, cəbhədəki vəziyyət dəyişməyib. Soyuq havalar ərəfəsində Rusiya Ukraynada mülki, logistika və enerji infrastrukturuna zərbələr endirir.
Ukrayna da cavabında Rusiyada enerji və hərbi obyektləri uzaqmənzilli dronlarla hədəfə alır. Yayın əvvəlindən Ukraynanın dron zərbələri Rusiyada ölkəboyu yanacaq çatışmazlığına səbəb olub.
Sentyabrın 13-də səhər saatlarında Rusiya Ukraynanın Polşa sərhədi yaxınlığına iki dron zərbəsi endirib. Xəsarət alan olmayıb.
İlk zərbə Ukraynanın Volın vilayətində, Polşa ilə sərhəddə yerləşən Yaqodin keçid məntəqəsi yaxınlığındakı yanacaqdoldurma məntəqəsinə endirilib. İkinci zərbənin Polşa sərhədindən cəmi iki kilometr aralıda sərnişin qatarının lokomotivinə dəydiyi bildirilir. Yerli rəsminin sözlərinə görə, qatar Kiyevdən Varşavaya gedirdi. Ukrayna sosial şəbəkələrində yayılan videogörüntülərdə insanların dəmiryol stansiyasındakı partlayış yerindən qaçdığı görünür.
Ukraynanın dövlət dəmir yolu operatoru "Ukrzaliznitsya"nın məlumatına görə, dron zərbəsinin ilkin hədəfi, çox güman, Avropa rəsmilərini daşıyan "diplomatik qatar" olub. Onların arasında Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonun da olduğu bildirilir. Qurum əlavə edib ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Devid Petreus həmin vaxt başqa bir qatarda olub.
"Petreus" "The New-York Times"a bildirib ki, Rusiya dronlarının səsini, daha sonra isə partlayışı eşidib və sərnişinlər dərhal təxliyə olunublar.
"Atəşə tuş gəlməyənlər üçün bu, dəhşətli idi... Bu, Ukrayna mülki əhalisini qorxutmağa çalışan barbar bir liderin əməlidir", – Petreus deyib.
Hadisələr zamanı Polşanın bir neçə şərq rayonunda hava hücumu xəbərdarlığı elan edilib.
Polşa hava məkanının pozulması barədə məlumat verilməsə də, Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığının sözçüsü Yatsek Qorişevski Polşa üçün təhlükənin real olduğunu deyib.
visiontv.az