Ukraynanın baş prokuroru Ruslan Kravçenko Ukrayna Milli Antikorrupsiya Bürosunun (NABU) direktoru Semen Krivonosu rəsmən şübhəli şəxs elan edib. Baş prokuror bu barədə sentyabrın 14-də səhər saatlarında özünün Telegram-kanalındakı videomüraciətində məlumat verib. Hadisədən qısa müddət sonra Kravçenkonun ölkəni tərk etdiyi məlum olub.
Kravçenko ötən həftə istefa ərizəsi təqdim edib. Bu, NABU və Xüsusi Antikorrupsiya Prokurorluğunun (SAP) keçirdiyi səs-küylü "Karfagen" əməliyyatı fonunda baş verib. NABU həmin vaxt prokurorluq daxilində cinayətkar qruplaşmanın ifşa olunduğunu bildirmişdi. Qurumun məlumatına görə, şəbəkə iştirakçıları dələduzluqla məşğul olan çağrı mərkəzlərini himayə edərək qanunsuz gəlir əldə edib və milyonlarla vəsaiti leqallaşdırıblar.
Sonradan bu iş üzrə Baş Prokurorluğun Beynəlxalq Əməkdaşlıq Departamentinin rəhbər müavini Sergiy Kropiva və Elizaveta İvaxnenko həbs ediliblər.
Kravçenko iddia edir ki, "Karfagen" əməliyyatının məqsədi NABU və SAP rəhbərliyi, eləcə də əməkdaşları ilə bağlı materialları ələ keçirmək olub və həmin sənədlərin bir hissəsi sonucda "oğurlanıb".
"Əsassız danışmamaq üçün toplanmış sübutlar əsasında NABU-nun direktoru Krivonosu rəsmən şübhəli şəxs elan edən sənədə qol çəkdim. Mən onu qanunsuz gəlir əldə etmək məqsədilə rəsmi sənədləri saxtalaşdırmaqda və saxta övladlığa götürmədə şübhəli bilirəm", – "Hromadske" Kravçenkonun bu sözlərini sitat gətirir.
Onun sözlərinə görə, iş üzrə ikinci şübhəli şəxs SAP rəhbəri Oleksandr Klimenkonun yaxınıdır.
Kravçenko həmçinin Ukrayna Ali Antikorrupsiya Məhkəməsinin rəhbərinə təsir göstərildiyini, ona qanunsuz qazanc təklif olunduğunu və səfərbərlikdən yayınmaqda köməklik göstərildiyini vurğulayıb.
Kravçenkonun iddiasına görə, indiyədək tədbir görməyib, çünki prezident Volodimir Zelenski, həmçinin NABU və SAP ona "mane olub. O bildirib ki, həmin qurumlar rəsmi ittiham irəli sürməmək qarşılığında ona toxunulmazlıq təklif ediblər.
NABU və SAP isə bu açıqlamaları müstəqil antikorrupsiya orqanlarına qarşı sistemli hücumların davamı kimi qiymətləndirib.
"Bu hücum bu gün başlamayıb. Hələ ötən ilin yayında onun fəal mərhələsinə start verilib. Həmin vaxt əsas hədəflərdən biri NABU və SAP-ı Baş Prokurorluğa tabe etdirmək cəhdi idi", – bəyanatda vurğulanır.
Büro Krivonosa heç hansı bir şübhə bildirişinin rəsmən təqdim edilmədiyini açıqlayıb.
Zelenski isə bildirib ki, "bu baş prokurorun yalnız bir çıxış yolu var – vəzifəsindən uzaqlaşdırılmaq": "Ona məhz bunu dedim. Ukrayna bunun bütün səbəblərini gördü. Əgər o, bunu siyasi təzyiq hesab edirsə, qoy elə də desin. Deputatlardan onun dərhal vəzifədən uzaqlaşdırılmasını dəstəkləmələrini xahiş edirəm".
"Ukrainska pravda" hüquq-mühafizə orqanlarındakı mənbələrinə istinadla Kravçenkonun sentyabrın 14-nə keçən gecə xidməti avtomobillə ölkədən çıxdığını bildirib.
Sonradan Kravçenko ölkəni tərk etdiyini özü də təsdiqləyib. O, xaricə ezamiyyətə getdiyini və səfər çərçivəsində bir sıra rəsmi görüşlərinin planlaşdırıldığını deyib.
Kravçenko bildirib ki, beynəlxalq tərəfdaşları antikorrupsiya orqanları sistemindəki real vəziyyət, "bu qurumların nəzarətsiz şəkildə hakimiyyəti öz əllərinə almaq cəhdləri, eləcə də bunun Ukraynanın dövlət suverenliyi, qanunun aliliyi və demokratik institutları üçün yaratdığı risklər" barədə məlumatlandırmaq niyyətindədir.
visiontv.az