Müsəlman dünyasını nə xilas edəcək, və Bakuvidən nəyi öyrənə bilərik?
15.09.2026

Bu gün Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının 7-ci görüşü çərçivəsində “Gülüstan” sarayında keçirilən “İslam dünyasının mədəni irsində Seyyid Yəhya Bakuvi zirvəsi: mötədil dəyərlər və müasir çağırışlar” mövzusunda 1-ci Beynəlxalq konfransın Azərbaycan üçün və bütövlükdə Türk-İslam dünyası üçün əhəmiyyəti, önəmi nədədir?

Bu konfransın əhəmiyyəti həm Azərbaycan üçün, həm də bütövlükdə Türk-İslam dünyası üçün çoxqatlı və stratejidir.

Əvvəla ondan başlayaq ki, Azərbaycanın oyanış və dirçəliş dövründə - XV əsrdə yaşamış Seyyid Yəhya Bakuvi təkcə dinə deyil, həm də paralel olaraq elmə böyük əhəmiyyət verib. O, ömrünü KAMİL İNSAN`lar yetişdirmək idealına həsr edib.

Kamil İnsan məsələsi onu ən çox düşündürən məsələlərdən biri idi.

Bu mənada, Seyyid Yəhya Bakuvi həqiqətən də yalnız bir sufi şeyxi deyil, həm də elmə, tərbiyəyə, irşada və insan kamilliyinə xidmət etmiş böyük bir mütəfəkkirdir. Onun irsinin müzakirəsi İslamın yalnız zahiri ibadət formaları ilə məhdudlaşmadığını, əksinə, mərifət, əxlaq, elm və insan yetişdirmə missiyası daşıdığını göstərir. Bu, xüsusən bugünkü dini mühit üçün son dərəcə vacibdir.

Ona görə də tam 40 il ərzində elm, irşad və təhsil fəaliyyəti ilə məşğul olan, minlərlə üləma, alim, sufi yetişdirən və eləcə də türk, ərəb, fars dillərində müxtəlif İslam məsələlərinə dair çoxsaylı əsərlər yazan ustad Bakuvinin irsini sadəcə bir tarixi şəxsiyyətin bioqrafiyası kimi dəyərləndirmək yetərli olmaz.

Bakuvi həm də maarifçi olub, mübarizə adamı olub, öz dövründə İslamın mahiyyətindən uzaqlaşan cahil və xurafatçılarla, ibadəti yalnız forma və göstərişə çevirən yanlış cərəyanlarla mübarizə aparıb, İslamın hədəflədiyi həyat nizamının düzgün təbliği üçün əmək sərf edib.

Bu faktlar göstərir ki, Bakuvi irsi sadəcə bioqrafik maraq predmeti deyil, bütöv bir mənəvi-intellektual modeldir. O, yalnız bir sufı lideri deyil, bir intellektual məktəb idi.

Bəli, o, bir İslam intellektualı idi - Azərbaycanın yetişdirdiyi İslam intellektualı.

Düşündürücüdür ki, bizim hazırkı dövrümüzdə də İslam dünyası Bakuvini narahat edən bənzər problemlərlə, təhlükələrlə və çağırışlarla üzləşməkdədir.

Dinimizə qarşı həm daxildən, həm də xaricdən savaş aparan, İslamı gözdən salmağa, toplumu dinsizləşdirməyə çalışan, xurafatı yayan, məzhəbçiliyi qızışdıran qüvvələr yorulmadan iş aparır. Cəhalət və islamofobiya baş alıb gedir. Dini məsələlərin yanlış izahı, yanlış anlayışı inanc və etiqadın indiki və gələcək nəsillər üçün təhlükə mənbəyinə çevrilməsinə səbəb olur. Bu, təkcə Azərbaycanda deyil, bütün müsəlman ölkələrində müşahidə olunur.

Və ən əsası isə, dövrümüzdə smart-texnologiyalar və süni intellekt orijinal mənbələrə və dəqiq-düzgün informasiyaya çıxışı asanlaşdırsa da, lakin bir çox insanlar biliksizlik və ərincəklik üzündən islami həqiqətləri ilkin mənbədən öyrənmək əvəzinə, ya dindən uzaqlaşmağa qərar verir, yadaki zərərli təriqətlərə, sektalara qoşulmaq yolunu tutur. Başqa sözlə desək, açıq zehinlilik və müdriklik dövrümüzdə ən çatışmayan və itirilən, defisitləşən dəyərlərdən birinə çevrilib.

Üstəgəl, mərhum Heydər Camalın vurğuladığı kimi bu gün İslam cahillərin və xurafatçıların əlindən əziyyət çəkdiyi kimi, həm də elitalarla münaqişə vəziyyətindədir. Söhbət qlobal elitalardan gedir. Dünyanın bəzi hakim elitaları İslama qarşıdırlar.

Eyni zamanda, İslam ölkələri geosiyasi çağırışlarla, regional qarşıdurmalarla üz-üzədir. Səudiyyə Ərəbistanı ilə Yəmən husilərinin gün-gündən daha da dramatikləşən toqquşması da buna əyani misaldır.

Husilər də, səudiyyəlilər də ikisi də çox tərs toplumdur. Onlar bir-birinin qarşısından geri çəkilməyəcəklər. Hətta bugünlərdə yaradılmış "Məkkə İttifaqı" da bu problemi çözmək, husiləri dayandırmaq iqtidarında deyil. Türkiyə və Pakistanın Səudiyyə Ərəbistanına təklif edə biləcəyi real çözüm resepti yoxdur.

Bəs, bu halda səudiyyəliləri və husiləri nə gözləyir? Onların növbəti addımları nədən ibarət olacaq? (bu mövzuya növbəti yazılarda qayıdarıq).

P.S. Seyyid Yəhya Bakuvi kimi elm və irfan əhli olan müdrik şəxsiyyətlər isə bütün müsəlmanları sülhə çağırırdılar. İslam irsinin yeni nəsillərə düzgün ötürülməsi onların tarix və sivilizasiya ilə bağlarını gücləndirə və gələcəyi müharibə və məzhəbçilik yönündə deyil, mərifət, hikmət və əxlaq üzərində qurmağa kömək edə bilər.

P.P.S. Türk dünyasında və müsəlman aləmində mənəvi birlik və ortaq yaddaşın qorunması və gücləndirilməsi baxımından, Seyyid Yəhya Bakuvi kimi şəxsiyyətlər Türk-İslam sivilizasiyasının ortaq dəyərlərini təcəssüm etdirir.

Şəkil ola bilər

(ardı var)

Bəybala Mirzəyev

visiontv.az