Erməni əsilli şəxslərin həbsi və cəzalandırılması ilə bağlı xaricdə Azərbaycana qarşı aparılan kampaniyaların əsas xətti bir məqam üzərində qurulub: ölkədə hüquq-mühafizə və məhkəmə sisteminin guya müstəqil və obyektiv olmadığı tezisi.
Hücumların hədəfi konkret cinayət faktlarından yox , məhz hüququn aliliyi prinsipini şübhə altına almaq üzərindən götürülüb.
Eyni narrativ sinxron şəkildə mühacir-müxalif media resursları və ölkə daxilində müxtəlif cinayətlərə görə məsuliyyətə cəlb olunmuş şəxslərin “beynəlxalq müdafiəsi” adı altında aparılan anti-Azərbaycan fəaliyyətlərdə tirajlanır.
Məqsəd hüquqi mübahisəni siyasiləşdirmək, məhkəmə qərarlarını Azərbaycana qarşı beynəlxalq təzyiq alətinə çevirməkdir.
Bu fonda , daxildə formalaşan ziddiyyətli bir mənzərə vəziyyəti həssas edir.
Sosial platformalarda təhqir və əxlaqsız paylaşımlara görə vətəndaşların məsuliyyətə cəlb olunduğu, bəzi hallarda həbs edildiyi bir hüquqi mühitdə televiziya aparıcıları və müğənnilərin efirdə açıq qarşılıqlı təhqir və alçaldıcı ifadələr işlətməsi müşahidə olunur.
Əgər sosial şəbəkə istifadəçisi təhqirə görə məsuliyyətə cəlb edilirsə, lakin televiziyada şou və digər verlişlərin aparıcılarının eyni xarakterli davranışı cəzasız qalırsa, bu, təxminən şou aparıcıları və iştirakçılarına qeyri-rəsmi “toxunulmazlıq” tanındığı görüntüsünü yaradır.
Belə bir ziddiyyətli praktika mövcud olduğu təqdirdə, bu artıq sadəcə etik problem deyil.
Bu, obyektivlik və bərabərlik prinsiplərinə kölgə salmaqla hüquq-mühafizə və məhkəmə sisteminin nüfuzunu dolayı şəkildə sarsıtmaq üçün əlverişli zəmininə çevrilir.
Xaricdə irəli sürülən ittihamların daxildə belə faktoloji materialla “qidalanması” , həmin tezislərin “legitimlik” görüntüsünü süni şəkildə gücləndirir.
Politoloq Yeganə Hacıyeva
visiontv.az