Qaynana və gəlin iqtidarı
26.02.2026

Köləlikdən hərəmxanaya, daha sonra isə saraya keçən dövr Hayzuran üçün çox ağrılı bir dövr hesab olunur. Sakif adlı qəbiləyə mənsub olan mühacirlərdən birinin köləsi kimi işləyən Hayzuran tezliklə Cüreş şəhərində qurulmuş bir kölə bazarında satışa çıxarılır və oradakı bir tacir tərəfindən satın alınır. Hayzuranın taleyi xəlifə Mənsur ilə qarşılaşdıqdan sonra dəyişir. Bu, adətən Hayzuranın taleyində dönüş nöqtəsi olur. Abbasi xəlifəsi Əbu Cəfər əl-Mənsur Hayzuranı görüb, oğlu Mehdi üçün uyğun bir həyat yoldaşı ola biləcəyi qənaətinə gəlir. Xəlifə Mənsurun ölümündən sonra isə oğlu Mehdi Billah Abbasi xəlifəsi oldu və idarəetməni öz üzərinə götürdü. Onun hakimiyyəti dövründə saraya təsir edən şəxslərdən biri, şübhəsiz ki, ona ən çox təsir edən həyat yoldaşı Hayzuran idi. Hayzuranın digər arvadlarından fərqli mövqe tutmasının səbəbi Mehdi Billahın ona olan dərin sevgisi idi. Hətta o, Hayzuran üçün bir çox şeirlər yazıb və həsr edib. Mənbələrdə Mehdi Billahın katibi Əbu Qureyş İsa ibn Masenin adı qeyd olunsa da, onun həm də Hayzuranın katibi vəzifəsində çalışdığını bildirirlər.

Digər arvadların adlarının bu mövzuda çəkilməməsi, Hayzurandan başqa heç bir xəlifə arvadının idarəetmə sistemində söz sahibi olmadığının ən bariz sübutudur. Ərinin sevgisindən güc alan Hayzuran, Abbasi sarayında təsirini əhəmiyyətli dərəcədə artırdı və ölkənin idarə olunmasında əhəmiyyətli söz sahibi oldu. Qərarları nəticəsində rəsmi sənədləri təsdiqləmək səlahiyyətinə malik olması və təşəbbüslərin onun təsdiqi olmadan etibarsız hesab edilməsi bunu sübut edir. Görünür ki, o, dövlət idarəçiliyində təyinatlarda və işdən çıxarılmalarda da fəal rol oynayıb və Fars idarəçiliyindən məsul olan Bərməki ailəsindən Yəhya Bərməkinin Mehdi Billah tərəfindən korrupsiyada ittiham olunması və sonradan Hayzuran tərəfindən vəzifədən azad edilməsi və yenidən işə götürülməsi bunun ən bariz nümunəsidir. Mehdi Billahın evləndiyi digər cariyələrdən oğullarının olduğuna baxmayaraq, onun yalnız Musa əl-Hadi və Harun ər-Rəşidin xəlifə seçilməsini təmin etməsi də onun təsirini anlamaqda vacibdir.

Mehdi Billah Hayzurandan doğulan oğullarını öz varisləri elan etsə də, Hayzuranı narahat edən başqa bir vəziyyət də var idi. Bu, oğlu Musa əl-Hadinin siyasi məsələlərdə ona söz haqqı vermək istəməməsi idi. Bu səbəbdən Hayzuran, anlaşa biləcəyi oğlu Harun ər-Rəşidi daha çox xəlifə namizədi olaraq dəstəklədi. Ayrıca Hayzuran Hadi dövründə ona qarşı çıxan sərkərdələri və görkəmli şəxsləri həbs etməklə intiqamını da aldı. Xilafəti dövründə dövləti olduqca möhtəşəm edən Harun ər-Rəşid elm və fəzilət sahibi insanları qorudu və ətrafında güclü bir ərəb aristokratisiyası yaratdı. Yeri gəlmişkən, tarixçilər Xəlifə Hadinin anası Hayzuran tərəfindən öldürüldüyü ilə razılaşsalar da, qətlin necə törədildiyi barədə fərqli məlumatlar verirlər. Təbərinin sözlərinə görə, Xəlifə Hadi xəstəlik zamanı Hayzuran tərəfindən onun əmri ilə cariyələri tərəfindən boğularaq öldürülüb . Zəhəbinin sözlərinə görə, Hadi Hayzuran cariyələri tərəfindən zəhərlənərək öldürülüb. Bu isə qadının iqtidar və idarə etmək ehtirasının nə dərəcədə böyük olduğunu gözlər önünə sərir. Dövlətdəki gücünün davamiyyəti üçün Harunun evlilik məsələsi ilə şəxsən məşğul olaraq özü kimi ağıllı və siyasi zəkaya sahib Haşimi qanından olan Zübeydəni gəlini olaraq seçmişdi.

QAYNANADAN GƏLİNƏ MİRAS QALAN İQTİDAR

Zübeydə ilə Harunun toyundan sonra hamı bu evlilikdən xilafətin təbii varisi olacaq bir uşaq gözləyirdi. Lakin, 5 il keçməsinə rəğmən belə, Zübeydənin uşağı olmadı. Nəhayət, xəlifənin fars cariyəsi Məracil Abdullaha (Məmun) hamilə qaldıqdan 7 ay sonra, Zübeydə də Məhəmməd Əminə hamilə qaldı. Abdullah, Harunun xəlifə olduğu sentyabr 786, Məhəmməd isə aprel 787-də anadan oldu. Abbasi dövlət ənənəsindəki ümumi adətə görə, xəlifənin böyük oğlu Abdullah varis elan edilməli idi. Uşaqların dünyaya gəlməsindən sonrakı illərdə Abbasi ictimai rəyində ümumi gözlənti belə idi ki, xəlifə Məhəmməddən əvvəl doğulmuş cariyə Məracildən olan Abdullah deyil, xəlifənin sevimli həyat yoldaşı, nəcibliyi, xeyirxahlığı və digər yaxşı keyfiyyətləri ilə seçilən və həm ana, həm də ata tərəfdən Abbasi-Haşimi ailəsindən olan Zübeydənin oğlu Məhəmməd olmalı idi.

Abbasilər xilafətinin birinci əsri gərgin ərəb-İran münaqişəsi dövrü idi. Abbasilər inqilabda və yeni dövlətin qurulmasında onlara əsas dəstək verən iranlıları mühüm vəzifələrə yerləşdirdilər və dövlətin idarəçiliyini faktiki olaraq tamamilə onlara təhvil verdilər. Bu vəziyyətdə, arxa plana atılmış və özlərinə bərabər olmayan, dövlət və ictimai həyatda yüksələn iranlıları qəbul edə bilməyən ərəblər hər fürsətdə əvvəlki güclərini bərpa etməyin yollarını axtarırdılar. Haşimilər ailəsindən olan zadəgan bir qadın Zübeydənin Harunla evlənməsindən həyəcanlanan Haşimilər ərəbləri, bu evlilikdən doğulan uşağın xəlifə olmasına iranlılara qarşı əvvəlki nüfuzlarını bərpa etməyə kömək edə biləcəyini düşünürdülər. Başqa sözlə, Zübeydədən sonra Haşimilər ailəsi Məhəmmədin varis təyin olunmasını ən çox istəyən və səy göstərənlər idi. Abbasilərin erkən dövrlərində Əmin və Məmun arasındakı mübarizənin ən vacib səbəblərindən biri Ərəb-İran münaqişəsi idi və bu mübarizə Abbasilərin birinci əsrinin sonunda türk elementinin yeni bir qüvvə kimi ortaya çıxmasına qədər davam edəcəkdi. Türklər elitada böyük gücə sahib idilər. Burada isə Abbasi elitasındakı güclü qrup türklərdən ibarət olan ordu idi. Bərməkilərin səyləri ordunun Əminin xəlifə olmasına razılığı ilə nəticələndi. Bərməkilər (İran klanı) hökümətdəki güclərini qorumaq naminə Zübeydə və arxasındakı ərəb (Haşimi/Abbasi) qruplaşması ilə Əminin xəlifəliyi üçün müvəqqəti ittifaq qurdular. Lakin, hər nə qədər Əmin məsələsində ittifaq qursularda zamanla bu situativ ittifaq çatlamağa başladı. Çünki Abbasilər dövlətində İran elementini təmsil edən Bərməkilərin var-dövləti və təsiri Zübeydənin arxasındakı ərəb qruplarını narahat edirdi.

Nəticə olaraq, Abbasilər dövründə qadınlarla hakimiyyət arasındakı əlaqəni araşdıran bu yazımda əsasən, Abbasilər sarayındakı qadınların inanıldığı kimi ikinci dərəcəli fiqurlar olmadığını göstərmək istədim. Bunun ən bariz nümunələri Hayzuran və Zübeydədir. Bu iki fiqurdan birincisinin ən vacib xüsusiyyəti, onun bazarda satılan bir kölə statusundan iki xəlifə dünyaya gətirən bir validə sultan statusuna yüksəlməsidir. Həmçinin onun hekayəsi, sarayda irəliləmək üçün zadəganlığın vacib şərt olmadığının ən yaxşı nümunəsidir. Çünki o, varisə hədiyyə edilmiş bir kölə olsa da, istedadı, gözəlliyi və biliyi ilə Mehdini valeh etdi və sonrakı iki xəlifəni Musa və Harunu dünyaya gətirdi. Oğulları xəlifə olduqda, o, dövlət idarəçiliyi ilə bağlı mühüm qərarlarda fəal rol oynayaraq, hakimiyyətdə güclü bir tərəfdaş kimi çıxış etdi. Böyük bir sərvət toplayan bu validə sultan bu sərvətdən gücünü və nüfuzunu nümayiş etdirmək üçün istifadə etdi, eləcə də mühüm xeyriyyə işlərinə töhfə verdi. Gəlini Zübeydə, Haşimi nəslindən olmağın üstünlüyünü gözəlliyi və istedadı ilə birləşdirərək, Harun ər-Rəşid kimi güclü bir xəlifənin hakimiyyəti dövründə dövlət işlərində fəal rol oynamağı bacardı və xəlifə tərəfindən ən bacarıqlı hesab edilməsə də, oğlu Məhəmməd Əminin varis seçilməsinə nail oldu. Həyat tərzi və hökumət üzərindəki gücü baxımından Zübeydəni Osmanlı hərəmindəki güclü bir şəxs olan Hürrəm Sultanla da müqayisə etmək olar.

Pərviz Əliyev

visiontv.az