Biri televiziyada görünən dövlətdir. Prezident, nazirlər, parlament, bayraq, himn, “biz xalqın xidmətçisiyik” çıxışları və sair. İkincisi isə Tehranın şimalında, dağın ətəyində yerləşən Evin zindanıdır. Orada əsl dövlət necə işləyir, deyim siz də bilin.
Evin sadəcə həbsxana deyil. Evin İran rejiminin laboratoriyasıdır. Orada əvvəlcə insanları sındırırlar, sonra əldə etdikləri təcürbəni bütün ölkəyə tətbiq edirlər. Çöldə İran necədirsə, Evin də elədir. Çöldə sənin söz haqqın yoxdur. Evində də yoxdur. Çöldə sənin telefonun dinlənilir. Evində kameran izlənilir. Çöldə sən rejimə etiraz edirsənsə, sən “düşmənsən”. Evində də etiraz edən “xarici agent”dir. Çöldə sənin yeməyini bahalıq əlindən alır. Evində yeməyini “xüsusi” məhbuslar əlindən alır. Fərq sadəcə divarlardadır. Çöldə divar görünmür, Evində görünür. Rejim illərdir xalqa deyir ki, Evin cinayətkarlar üçündür. Amma Evinə baxsan, görərsən ki, orada cinayətkarlardan çox şair, tələbə, jurnalist, qadın, milli fəal, işçi, müəllim var. Yəni Evin cinayətkarlar üçün deyil, düşünənlər üçündür. Düşünmək isə İranda ən böyük cinayətdir. Evin üç prinsip üzərində işləyir. Elə bu üç prinsiplə də bütün İranı idarə edirlər. Birincisi qorxudur. Evində adamı döyməyə ehtiyac yoxdur. Sadəcə onu tək kamerada saxla, ailəsi ilə danışmağa qoyma, vəkilini göstərmə, sorğu-sualın nə vaxt olacağını demə. Adam özü-özünü yeyəcək. Çünki ən böyük işgəncə fiziki ağrı deyil, qeyri-müəyyənlikdir. Bütün İran da belə idarə olunur. Sabah nə olacaq, heç kim bilmir. Sabah həbs olunacaqsan? Sabah işdən çıxarılacaqsan? Sabah İnternet bağlanacaq? Heç kim bilmir. Və bu bilməmək insanları susmağa məcbur edir. İkinci. Aclıq və asılılıq. Bir az əvvəl dediyim kimi, Evində məhbus çörək dilənir. Bu təsadüfi deyil. Bu, sistemdir. Adam ac olanda o, azadlıq haqqında düşünmür, çörək haqqında düşünür. Adam ac olanda o, rejimi devirmək haqqında düşünmür, sabah yemək tapmaq haqqında düşünür. Rejim bunu çox yaxşı bilir. Ona görə də əvvəlcə insanı iqtisadi cəhətdən asılı edir. Çöldə işsiz qoyur, Evində yeməksiz qoyur. Sonra deyir ki, mənə itaət et, sənə çörək verim. Bu, dövlət deyil, bu, vətəndaşı girov götürməkdir. Üçüncü. Sındırmaq və sonra “tövbə” istəmək. Evində ən məşhur səhnə budur ki, adamı aylarla saxla, sonra kameraya qoy, “mən səhv etmişəm, mən xarici agentəm, mən peşmanam” dedirt. Bu, etiraf deyil, bu, tamaşadır. Rejimə etiraf lazım deyil, rejimə sındırılmış insan lazımdır. Çünki sındırılmış insan çölə çıxanda başqalarına da deyəcək ki, sus, danışma, səni də aparacaqlar. İran televiziyası həmin “tövbə” videolarını göstərəndə əslində xalqa mesaj verir ki, bax, ən cəsurunuz da belə oldu. Evində tibbi xidmətin niyə bu qədər pis olduğunu soruşsan, cavab sadədir. Evin xəstəxana deyil. Orada həkim xəstəni sağaltmaq üçün yox, onu susdurmaq üçün var. Ona görə də xəstəyə dərman əvəzinə yuxu dərmanı verirlər. Xəstə yatanda problem yoxdur. Xəstə oyananda problem var. Elə bütün İran səhiyyəsi də belədir. Məktəblərdə də eyni vəziyyətdir. Uşağa sual verməyi öyrətmirlər, cavabı əzbərləməyi öyrədirlər. Universitetdə də eyni vəziyyətdir. Tələbəyə düşünməyi yox, susmağı öyrədirlər. Evin bu sistemin ən açıq formasıdır. Orada maska yoxdur. Bəs dünya Evində baş verənləri bilirsə, bu həbsxana niyə bağlanmır? Çünki rejim Evinsiz yaşaya bilməz. Rejim ideyalarını, iqtisadiyyatını, əxlaqını çoxdan itirib. Əlində bircə şey qalıb, o da qorxudur. Qorxunu da Evin istehsal edir. Əgər sabah Evin bağlansa, ertəsi gün insanlar küçəyə çıxacaq. Çünki qorxu qapısı açılacaq. Rejim bunu bilir. Ona görə də Evinə milyardlar xərcləyir, amma məhbusa bir tikə çörək vermir. Çünki Evin rejim üçün həbsxana deyil, rejimin özüdür. İranın tarixində bütün dəyişikliklər həmişə zindandan başlayıb. Şahın dövründə də zindanlar var idi. Şahın zindanları dolanda şah getdi. İndi də Evin dolub. Bir fərq var. Əvvəllər insanlar zindandan qorxurdu. İndi insanlar zindandan danışır. Keçmiş məhbuslar çıxıb danışır, ailələr danışır və “Iran Wire” kimi nəşrlər də yazır. Qorxu artıq gizli deyil, qorxu ifşa olunub. Və ifşa olunmuş qorxu artıq qorxu deyil, sadəcə zorakılıqdır. Zorakılıqla dövlət saxlamaq olar, amma ölkə saxlamaq olmaz. Evin hələ ayaqdadır, amma artıq Evin haqqında hamı bilir ki, orası ədalət evi deyil, sındırma fabrikiidir. Və fabrik bir gün işləməyəndə, rejimin də dayanacağını hamı bilir.
Şöhrət El-Dəniz
visiontv.az