Yoxa çıxmış İran generalı Əlirza Əsgərinin taleyi yenidən gündəmə gəlib
20.11.2026

“Nyu-York Tayms” qəzetində dərc olunan və bütün dünyada geniş diqqət çəkən bir məqalə təqribən 20 il əvvəl yoxa çıxmış İran generalı Əlirza Əsgərinin taleyini yenidən gündəmə gətirib.

Qəzetin aparıcı əməkdaşları tərəfindən illər ərzində aparılan araşdırma nəticəsində hazırlanmış həmin məqalədə Əlirza Əsgərinin adı itkin düşmüş İsrail hərbi pilotu Ron Aradın axtarışı üzrə çoxsaylı epizodlardan yalnız birində çəkilir, bununla belə Əsgərinin özünün aqibəti ilə bağlı müəmmalı durum və yazıda onun haqqında əksini tapan iddialar diqqətin daha çox ona yönəlməsinə səbəb olub. Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələrinin 28 yaşlı zabiti Ron Arad 1986-cı il oktyabrın 16-da F4-Fantom qırıcı təyyarəsində Livanın cənubunda əməliyyat həyata keçirərkən yaranmış təhlükə qarşısında katapult etməli olub və “Əməl” şiə qruplaşması tərəfindən əsir götürülüb. Ötən qırx il ərzində İsrail dövlətinin onun azad edilməsi və ya cəsədinin ölkəyə gətirilməsi üçün saysız cəhdlərinə baxmayaraq, Aradın harada olduğu, yaxud dəfn edildiyi barədə dəqiq məlumat əldə etmək mümkün olmayıb. İsrail kəşfiyyatı uzun müddət təyyarəçinin Livan Hizbullahı vasitəsilə İrana verildiyi və onun İran həbsxanalarından birində saxlanıldığı versiyasına inanıb və bu yöndə bir çox gizli əməliyyatlar və məxfi müzakirələr aparıb. İran Müdafiə nazirinin keçmiş müavini general Əlirza Əsgərinin oğurlanması da həmin xüsusi əməliyyatlardan biri olub.

visiontv.az