Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev diqqəti iqtisadiyyat, energetika, infrastruktur, yüksək texnologiyalar və insan kapitalına yönəltməklə 2035-ci ilə qədər MDB-nin İnkişaf Strategiyasını hazırlamağı təklif edib.
Visiontv.az "Report"a istinadla xəbər verir ki, o bu barədə MDB Dövlət Başçıları Şurasının iclasında bildirib.
Onun sözlərinə görə, birliyin fəaliyyətdə olan İnkişaf Konsepsiyası 2007-ci ildə təsdiq edilib və altı il əvvəl yenilənib, daha sonrakı proqramlar və sənədlər isə çox vaxt bir-biri ilə uzlaşmır:
"Buna görə də, İcraiyyə Komitəsinə ölkələrimizin hökumətləri ilə birlikdə MDB-nin 2035-ci ilə qədər İnkişaf Strategiyasının hazırlanmasına başlamağı təklif edirəm. Bu, ortamüddətli perspektivdir. Dövlətlərimiz üçün fundamental əhəmiyyət kəsb edən prioritetlərə - iqtisadiyyat, energetika, infrastruktur, yüksək texnologiyalar, insan kapitalına diqqət yetirmək vacibdir".
K.Tokayev, həmçinin iqtisadi əməkdaşlığın dərinləşdirilməsinin və sənaye-texnoloji tərəfdaşlığın təkmilləşdirilməsinin vacibliyini vurğulayıb.
Onun məlumatına görə, Qazaxıstanın xarici ticarət dövriyyəsinin dörddəbirindən çoxu MDB ölkələrinin bazarlarının payına düşür: "Ötən ilin yekunlarına görə, bu göstərici təxminən 40 milyard dollar təşkil edib, cari ilin yeddi ayı ərzində isə 10% artıb".
K.Tokayev dəyişən beynəlxalq vəziyyət şəraitində MDB-nin rolundan danışaraq qeyd edib ki, qeyri-müəyyənlik güclənir, qlobal iqtisadi əlaqələr yenidən qurulur və texnoloji rəqabət kəskinləşir:
"Belə bir vəziyyətdə hər bir dövlətin maraqlarını nəzərə almaqla razılaşdırılmış qərarlar tapmağa imkan verən birbaşa və etibarlı dialoq kritik əhəmiyyət kəsb edir. Əminəm ki, Birliyə olan davamlı tələbat məhz bununla izah olunur".
Qazaxıstan prezidenti, həmçinin MDB ölkələrinin alimlərini, hüquqşünaslarını, tarixçilərini və ekspertlərini Almatı Bəyannaməsinin 35 illiyinə həsr olunmuş beynəlxalq konfransda iştirak etməyə dəvət edib. Tədbir noyabr ayında Almatıda Qazaxıstan Strateji Araşdırmalar İnstitutunun himayəsi altında keçiriləcək.
visiontv.az