Tibb tələbəsi, Rok musiqiçisi və Nobel laureatlı kimyaçı
09.10.2024

Nobel mükafatının 1901-ci ildən başlayan tarixində bu yüksək ada layiq görülənlərin 885 nəfəri kişilər, 59-u isə qadınlar olublar. Qadınlar əsasən Sülh Mükafatı (16,5%) ilə Ədəbiyyat üzrə (13,6%) laureat seçiliblər. Onların fundamental sahələrdəki uğuru son zamanlara qədər çox az idi. Belə ki, qadınlar fizikada 1.8%, kimyada 3,7%, tibbdə 5,4% kimi çox aşağı göstəriciyə sahibdirlər. Ancaq son illərdə qadınlar fundamental elm sahələrində söz sahibi olmaqla qalmır, aparıcı istiqamətlərdə böyük yeniliklər və kəşflərə imza atırlar…

Karolina Bertozzi 1966-cı ildə doğulub. Atası Massaçusets Texnologiya İnstitutunun (MIT) nüvə fizikası professoru idi. Kolecdən sonra Karolina Harvarda qəbul olur. Arzusu musiqi oxumaqdı, ancaq valideynləri qarşı çıxırlar. Onda Karolina tibbi seçir. O vaxtlar kimyanı sevməyən Karolina 2-ci kursda oxuyarkən tibbi buraxıb gözlənilmədən üzvi kimya ilə maraqlanmağa başlayır. Ancaq musiqidən də əl çəkmir, “Bored of Education” adlı “heavy rock metal” qrupunda klavyeli alətlərdə çalır.

Tələbə ikən ağlına belə gəlməzdi ki, kimya sahəsində böyük uğurlara imza atacaq – Xərçəngi müalicə etmək üçün molekullardan hazırlanan Leqolar ona 2022-ci il Kimya üzrə Nobel mükafatını qazandıracaq…

Stanford universitetinin professoru Karolina Bertozzi kimyacı alimlər Morten Meldal və Barr Şarples “Molekulların sintezi üçün yeni üsul kəşf etdiklərinə görə” Nobel mükafatı laureatları seçiləndə Klik Kimyası haqda ancaq mütəxəssislər bilirdilər. Ancaq Bertozzinin bu sahədə gördüyü işlər Bəşəriyyət üçün bir ümid oldu…

9 oktyabrda Nobel Komitəsi Kimya üzrə Nobel mükafatı laureatlarının adını açıqlayacaq.

İbrahim Nəbioğlu

visiontv.az