Tehranda su böhranı; su anbarları cəmi 18 faiz doludur
05.05.2026

Gunaz TV-nin məlumatına görə: İran rəsmiləri açıqlayıb ki, Tehranın su təminatını həyata keçirən bəndlərin ümumi tutumunun hazırda cəmi 18 faizi doludur; bu isə su böhranının daha da dərinləşdiyini göstərir.

Tehran Su və Kanalizasiya Şirkətinin ictimaiyyətlə əlaqələr direktoru və sözçüsü Bəhnam Bəxşi bildirib ki, cari su ilində yağıntıların nisbətən artmasına baxmayaraq, Tehranın beş əsas bəndində ehtiyatlar may ayının ilk ongünlüyü ilə müqayisədə təxminən 90 milyon kubmetr azdır.

Onun sözlərinə görə, bu il yağıntılar 17 faiz artsa da, hələ də uzunmüddətli orta göstəricidən 35 faiz aşağıdır və bu artım əvvəlki illərdə yığılan quraqlığın təsirini aradan qaldıra bilməyib.

Yerli media bildirir ki, Lar bəndi cəmi 4 faiz doluluq səviyyəsi ilə Tehranın bəndləri arasında ən aşağı göstəriciyə malikdir. İran rəsmiləri həmçinin qeyd edir ki, paytaxt tarixi standartlarla müqayisədə yerüstü su ehtiyatlarının ciddi azalması ilə üz-üzədir.

Son illərdə mütəxəssislər İranda su böhranının dərinləşməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edərək bunu ölkənin əsas infrastruktur problemlərindən biri kimi qiymətləndiriblər.

visiontv.az