Yaponiyada inkişaf etmiş demensiyası (yaddaş, düşüncə, davranış, sosial bacarıqların ciddi şəkildə pisləşməsi və gündəlik fəaliyyətə təsir edən koqnitiv funksiyaların azalması simptomlarının toplusudur - red.) olan yaşlı insanların kapitalı ümumilikdə 187 trilyon yen (təxminən 1.2 trilyon dollar) təşkil edir.
Bu barədə ölkənin aparıcı iqtisadi qəzeti "Nikkei" bank ekspertlərinə istinadən məlumat yayıb.
Qeyd olunan məbləğ 2020-ci ilə aid məlumatdır. Mütəxəssislərin hesablamalarına görə, bu məbləğ 2030-cu ilə qədər 242 trilyon yenə (1.5 trilyon dollardan çox) çatacaq.
Aktivlərin 65%-i maliyyə müəssisələrinə qoyulan əmanətlərə və digər pul aktivlərinə, qalanı isə daşınmaz əmlakın payına düşür.
Əgər şəxs bankda hər hansı əməliyyat apararkən fəaliyyət qabiliyyətsizliyi əlamətləri nümayiş etdirirsə, onun hesabı dondurula bilər. Bu halda rəsmi qəyyumun təyin edilməsi tələb olunacaq. Məhkəmədə belə prosedurlar bir neçə ay çəkir.
Rəsmi məlumatlara görə, ölkədə demensiyadan əziyyət çəkənlərin sayı 2030-cu ilə qədər 2025-ci il səviyyəsi ilə müqayisədə 11% artacaq və 5 milyon nəfəri keçəcək. Eyni zamanda, hazırda Yaponiyada belə insanların təxminən 260 min rəsmi qəyyumu var.
Ölkə parlamentinə qəyyumların təyin edilməsi prosedurlarını asanlaşdıran, onların hüquq və vəzifələrini müəyyən edən qanun layihəsi təqdim edilib.
visiontv.az