Tehranda əsl döyüş küçədə deyil, rejimin içində gedir
Tehranda əsl döyüş küçədə deyil, rejimin içində gedir
16.09.2026 Şöhrət El-Dəniz Tərəfindən

Tehran Universitetinin professoru Əhməd Kazemi bu günlərdə ortaya yeni tezis atıb. “Xəzər” adı işlədilməsin. Kazeminin iddiasına görə, Xəzər dənizi tarix boyu müxtəlif adlarla tanınıb. O, “Kaspian”, “Vərkane”, “Hirkani” və “Təbərestan” kimi adları sadalayaraq “Xəzər” adının işlədilməsini tarixi baxımdan problemli kimi təqdim edir. Ekspertin cəfəng yazısında “Xəzər” adının müsəlman ərəb müəllifləri tərəfindən yayıldığı və bunun tarixi baxımdan “səhv” olduğu da iddia edilir.

Onun fikrincə, İranın rəsmi sənədlərində dənizin başqa tarixi adlarından istifadə olunmalıdır. Yazının diqqətçəkən tərəflərindən biri isə müəllifin məsələyə Azərbaycan və Türkiyə ilə bağlı siyasi müstəvidən yanaşmasıdır. Kazemi “Xəzər” adının istifadəsini “Panturanizm” kimi təqdim etdiyi ideoloji proseslərlə əlaqələndirir və bunu İranın regiondakı maraqları baxımından təhlükə kimi qələmə verir. Maraqlıdır ki, Eyni həftədə İran XİN və SEPAH rəsmiləri “TRIPP layihəsinə qarşı ABŞ-nin bölgədə varlığına dözməyəcəyik” bəyanatı verdilər. Siyasi şərjçi Bəybala Mirzəyev haqlı olaraq sual verir ki, İranın molla rejiminin Ermənistanın baş naziri Nikol Paşinyana “Tramp yolu”nun tikintisi ilə bağlı gözlənilmədən yeni və sərt şərtlər irəli sürməsi nəyin göstəricisidir? Cavabında isə bildiri ki, bu, eyni vaxtda həm İranın bölgədə özbaşınalığının, göstəricisidir, həm də ABŞ-nin bölgəyə gəlişindən, onun amerikalıların burada hərbi varlığından qorxduğunun əlamətidir. Sitat: Bu hegemonluq və qorxu molla rejiminin sözügedən tələbindən də açıq görünür. Belə ki, İran hakimiyyəti tələb edib ki, TRIPP layihəsinin təhlükəsizliyini ya Ermənistan Silahlı Qüvvələri, ya da artıq Ermənistan ərazisində yerləşən üçüncü ölkənin silahlı qüvvələri təmin etsin. "Torbada pişik var" məşhur məsəlimiz, bax, bu yerdə boy göstərir və lap yerinə düşür. Əcaba, "Ermənistan ərazisində yerləşən üçüncü ölkə", görəsən, hansı ölkədir? Əlbəttə ki, Rusiya! Bəli, heç bir şübhə yeri yoxdur ki, burada məhz Rusiyanın silahlı qüvvələri nəzərdə tutulur. Bu, Rusiyanın rolunu məqsədli şəkildə qabartmaq istəyidir. Əlbəttə, bu Tehranla Moskvanın öncədən razılaşdırılmış birgə oyunudur. Tehran bununla ABŞ hərbçilərinin öz sərhədləri yaxınlığında peyda olmasının qarşısını almağa çalışır. Molla rejimi bu epizodda bir güllə ilə iki dovşan vurmaq istəyən hiyləgər ovçu obrazında çıxış etmək istəyir. Yəni bir tərəfdən Amerika əsgərlərinin öz sərhədləri yaxınlığında peyda olmasına mane olmaq istəyir, o biri tərəfdən isə hazırda Ermənistanın xarici siyasətinin əsas layihəsi sayılan TRIPP marşrutunun yəni Zəngəzur dəhlizinin həyata keçirilməsini daha da çətinləşdirməyə səy göstərir. Aydındır ki, İran Cənubi Qafqazda nəqliyyat və təhlükəsizlik arxitekturasında söz sahibi olmaq istəyir. TRIPP kimi layihələr isə bu təsiri azalda bilər. Ona görə də Tehran prosesi mümkün qədər ləngitmək və şərtləri sərtləşdirməklə manevr edir. İranın bu planı Rusiyaya da sərf edir. Ermənistanı cəzalandırmaq istəyən Rusiya İranın bu təzyiq və tələbini göydəndüşmə hesab edir. Bir sözlə, Tehran və Moskva həmişəki kimi bu gün də Cənubi Qafqazda sinxron hərəkət edir. Çünki Moskva ilə Tehranın Cənubi Qafqazda maraqları böyük ölçüdə üst-üstə düşür. Sitatın sonu. 

Rejimin kimlik və geosiyasət savaşı

 Bu mənzərədə sual odur ki, Tehran rejiminin bu iki bəyantı təsadüfdürmü? Təbii ki, yox. Bu, İranda son 2 ildə formalaşan yeni Qafqaz doktrinasının 2 üzüdür. Bir. Kimlik müharibəsi. İki. Geosiyasət müharibə. Qeyd edim ki, Əhməd Kazemi Azərbaycana qarşı qərəzli mövqeyi ilə tanınır. 2020-dən sonra o, dəfələrlə “Azərbaycan süni dövlətdir”, “Cənubi Azərbaycan problemdir” kimi tezislər səsləndirib. İndi də hədəf dənizin adıdır. Bəs niyə “Xəzər”? Kazeminin məntiqinə görə Xəzər türklərin adıdır. Əgər adı saxlasaq, Azərbaycan dənizə tarixi haqq iddia edəcək. Ona görə adı “neytral” etmək istəyir. İran rəsmi sənədlərində artıq “Dəryaye Xəzər” əvəzinə bəzən “Dəryaye Şomal”  yəni Şimal dənizi ifadəsini işlədilir. Əslində ad dəyişikliyi hüquqi addım deyil, psixoloji addımdır. Məqsəd: “Xəzər - Azərbaycan” bağlantısını qırmaq. Sabah Xəzərin hüquqi status məsləsini yenidən gündəmə gətirəndə “ad sahibləri” tezisini zəiflətmək. O cümlədən bu iddia daxili auditoriyaya təsir etmək üçün də səsləndirilir. İranda 30 milyon azərbaycanlı var. “Xəzər” sözünü gündəmdən çıxarmaq onların tarixi yaddaşından bir elementi silmək cəhdidir. Nəticədə bu, xəritə müharibəsinə çevrilir. Torpaq ala bilməyəndə, adı hədəfə alırsan. O ki qaldı TRIPP layihəsinə qarşı təhdidlər. Bu daha çox Geosiyasi hücumdur. TRIPP Zəngəzur dəhlizinin yeni adıdır. Vaşinqtonun təşəbbüsü, Azərbaycan-Ermənistan razılaşmasının bir hissəsidir. Bu ad isə İran rejimini qəzəbləndirir. Tehran 30 ildir deyir ki, “Qafqazda ABŞ olmasın”. İndi ABŞ birbaşa dəhlizin operatoru və investorudur. Bu, İran üçün “şimal qapısının” bağlanması deməkdir. İranın əsas kartı Şimal-Cənub Dəhlizidir. Hindistan malları İran-Bəndər Abbas-İrəvan vasitəsilə Rusiya gedirdi. TRIPP işləsə, yükün böyük hissəsi Türkiyə-Azərbaycan marşrutuna keçəcək. İran tranzitdən kənarda qalır. O cümlədən İran 30 ildir Ermənistanı öz orbitində saxlayır. İndi İrəvan Bakı və Vaşinqtonla birgə layihəyə imza atır. Bu, Tehran üçün strateji məğlubiyyətdir. Ona görə bu cür sərt bəyanat verərək demək istəyirlər ki, dəhlizə mina qoyacağıq. Əslində Kazeminin “ad” təklifi ilə Tehran rejiminin “TRIPP”ə hücumu eyni mənbədən qidalanır. Bu isə  Azərbaycanın güclənməsi qorxusudur. 30 milyon Güney azərbaycanlı “Xəzər”, “Şuşa”, “Qarabağ” sözlərini eşidəndə ayağa qalxır. Adı dəyişsə, tarixi bulanıqlaşır. Zəngəzur dəhlizi isə İranı tranzitdən kənarlaşdırır. Ona görə dəhlizi “ABŞ işğalı” kimi təqdim edir. Təbii ki, Azərbaycanın bu tip iddialara qarşı cavabı həmişə olub.  “Xəzər” 2000 ildir xəritələrdədir. Herodotdan tutmuş BMT xəritələrinə qədər. Bu adı dəyişmək təklifi elmi deyil, siyasi təxribatdır. Hələ illər öncə Azərbaycanın mərhum Prezidenti ulu öndər Heydər Əliyev İrana rəsmi səfərlərindən birində İran prezidenti Məhəmməd Xatəminin Xəzər dənizini "Mazandaran gölü" adlandırmasına sərt və qətiyyətli reaksiya vermişdi. O, dünya xəritəsində belə bir adın olmadığını, dənizin əzəldən Xəzər və ya beynəlxalq dildə "Kaspian" olduğunu bildirərək qarşı tərəfi yerində oturtmuşdu. TRIPP layihəsinə gəldikdə isə İran bu dəhlizə qarşı nə qədər çox çıxsa, demək layihə bir o qədər düzgün istiqamətdə inkişaf edir. Dəhliz təkcə yol deyil, bu, regionun İrandan asılı olmamaq bəyannaməsidir. Nəticə olaraq deyim ki, Əhməd Kazemi kimi avantürüst dənizin adını dəyişmək istəyir, çünki dənizin sahilindəki siyasəti dəyişə bilmir. Tehran rejimi dəhlizi bağlamaq istəyir, çünki dəhlizin məntiqini dəyişə bilmir. Bu iki hadisə göstərir ki, İran Qafqazda artıq “oyun qurucu” deyil, “oyun pozucu” rolundadır. Amma XXI əsrdə xəritədə ad dəyişməklə, iqtisadiyyatı bəyanatla dayandırmaq olmur. “Xəzər” necə var idi, elə də qalacaq. TRIPP necə planlaşdırılıbsa, elə də çəkiləcək. Çünki artıq Qafqazda qaydanı, adı dəyişənlər yox, yolu çəkənlər yazır.

İranı kim idarə edəcək?

 İranda inflyasiya, dollar, “əxlaq polisi” xəbərlərinə baxıb hər şeyi hicab ilə izah etmək indi artıq işləmir. Çünki Tehranda gedən əsas döyüş küçədə deyil, rejimin öz içindədir. Qarşıdurma “dindar və dindar olmayan” arsında getmir.  Qarşıdurma müharibədən sonra hakimiyyət kimi əlində qalacaq uğrunda gedir. Qadın, hicab, geyim sadəcə bu savaşda istifadə olunan ən rahat alətlərdir. İranda rejim daxili mübarizə həmişə olub. Amma 2022-dən sonra mahiyyət dəyişdi. Əvvəl mübarizə “mövqeni qorumaq” idi. İndi mübarizə “müharibədən sonrakı İranda kim birinci olacaq” üçündür. Bunun 3 səbəb var. İqtisadi iflas. İnflyasiya pik həddə, milli valyuta quyunun dibində, sanksiyalar hər gün sərtləşir, neft gəliri yoxdur. Bu baxımdan kim xalqın qəzəbini özünə tərəf çəkə bilsə, gələcəkdə legitimlik qazanacaq. “Məhsa Əmini” etirazları göstərdi ki, gənclər və orta təbəqə rejimin ideoloji dilini qəbul etmir. Ali rəhbərin sağlamlığı fonunda bütün qüvvələr “varislik və kabinet” uğrunda indidən mövqe qazanmağa çalışır. Nəticədə hər kəs xalqı öz tərəfinə çəkmək üçün “ictimai rəy” adlı silahı ələ keçirməyə tələsir. Bu baxımdan hicab dini məsələdən siyasi alətə çevrildi. Hicab artıq İranda “din” deyil, “siyasi texnologiya”dır. Bu siyasi texnologiyadan şərti olaraq 2 qüvvə, 2 strategiya yürdür. Şərti olaraq yumşaq qanad adlanan Pezeşkiyan komandası. Bu qanad açıq demir “hicabı ləğv edək”. Deyir ki, icra yumşaq olsun, zorakılıq olmasın. Onların hesabı belədir. Gənclərə, qadınlara, Tehran və İsfahanın orta təbəqəsinə siqnal verirlər ki, biz sizi eşidirik. Məqsəd etirazçıları küçəyə buraxmamaq. Qərbə pəncərə açmaq. Biz sərt deyilik mesajı ilə sanksiyaların yumşalması üçün əl yeri qoymaq. Yəni onların hədəfi hicab deyil. Hədəf biz xalqla rejim arasında körpüyük imicidir. Sərt qanad: SEPAH, Qum ruhaniləri və “Paydari” bloku. Bunlar isə əksini deyir ki, qanunu daha sərt icra edin, kameralar qoyun, həbsləri və cərimələri artırın. Onların da hesabı ideolojidir. Kim yumşalırsa onu dindən dönməkdə ittiham etmək, rəqibi ideoloji meydanda vurmaq və küçəni nəzarətdə saxlamaq. Yəni əgər biz camaatı özbaşına buraxsaq, sabah rejimin özü gedər tezisi. Və bütün bu hoqalar təbii ki, varislik uğrundadır. Rejimin əsl keşikçisi bizik deyib Ali rəhbərdən sonra əsas söz sahibi olmaq. Əslində burada da hədəf qadın və hicab deyil. Hədəf rəqib qüvvəni ideologiyanı satmaqda günahlandırmaqdır. Bəs niyə siyasi alət kimi qadın və geyimdən istifadə edilir. Çünki bu mövzu 3 funksiyanı birdən yerinə yetir. Bir. Mobilizasiya funksiyası. Həm mühafizəkarı, həm liberalı küçəyə çıxarır və rejimin diqqətini yayındırır. İki. Test funksiyası. Hakimiyyətin “nə qədər dözə bilir” sərhədini ölçür. Yumşaq qanad test edir, sərt qanad cavab verir. Üç. Təhlükəsiz funksiyası. İqtisadiyyat, nüvə, xarici siyasət kimi “qırmızı xətt” mövzulara toxunmadan, daxildə güc nümayiş etdirmək. Yəni əsas mübahisə hakimiyyət uğrundadır. Qadın və hicab sadəcə meydandır. Dörd. İqtisadi böhran. Daxili savaşın bu qədər kəskinləşməsinin səbəbi iqtisadiyyatdır. İnflyasiya və işsizlik artdıqca hər iki tərəf deyir ki, əgər mən hakimiyyətdə olsaydım, vəziyyəti düzəldərdim. Amma iqtisadiyyatı düzəltmək üçün pul yoxdur. Qalır yeganə resurs ictimai dəstək. Ona görə bu qüvvələr xalqın narazılığını öz siyasi kapitalına çevirməyə çalışır. Yumşaqlar, biz sizin həyat tərzinizi başa düşürük, sərtlər biz sizin dəyərlərinizi qoruyuruq. Nəticə olaraq haqlı sual yaranır. Bəs belə bir vəziyyətdə İranı nə gözləyir? Bu daxili savaşın 3 ssenarisi var. Bir. İdarə olunan yumşalma. Pezeşkiyan qanadı qalib gəlir. Hicab qalır, amma zorakılıq azalır. Məqsəd rejimi xalqla barışdırıb saxlamaq. Bu, vaxtilər SSRİ-də Qorbaçovun tətbiq etdiyi modelə bənzəyir. İki. “İdeoloji sıxma”. Sərtlər qalib gəlir. Təzyiq artır, amma iqtisadiyyat çökür. Nəticədə daha böyük partlayış riski yaranır. Üç. Paralel hakimiyyət. Heç kim qalib gəlmir. Ölkə 2 fərqli siyasətlə idarə olunur. Bir şəhərdə polis yumşaq, o biri şəhərdə sərt. Bu, rejimin zəifləməsinin ən təhlükəli əlamətidir. Son olaraq deyim ki, İranda bu gün hicabın bayrağı altında hakimiyyət uğrunda savaş gedir. Bir tərəf cəmiyyətin dəyişən tələbinə oynayaraq gələcəyə investisiya qoyur. Digər tərəf ideologiyaya sarılaraq indini qorumağa çalışır. Əhməd Kazeminin “Xəzər” adı ilə oynaması, TRIPP-ə qarşı hay-küy salması da bu daxili zəifliyin xaricə proyeksiyasıdır. Daxildə zəifləyəndə, düşməni bayırda axtarırsan. 

Şöhrət El-Dəniz

visiontv.az