Tarixə bu qədər böyük maraq haradan qaynaqlanır?
16.09.2026

Qazax, qırğız və özbəklərin tarixi məsələlərə xüsusi maraq göstərmələri ilə bağlı müşahidələrim.

Türk dövlətləri arasında tarixin yeni yanaşma ilə araşdırılması və Moskva mərkəzli tarix konsepsiyasından imtina edilməsi sahəsində ən fəal ölkə Qazaxıstan, tarixi abidələrin bərpası və mədəni irsin qorunması sahəsində ən həssas və diqqətli ölkə Özbəkistan, köçəri etnomədəniyyətinin dünya miqyasında təbliği sahəsində ən təcrübəli ölkə isə Qırğızıstandır.

Bu yazımızda biraz Qazaxıstan barədə danışacağıq.

Bu qardaş ölkə tarix kontekstində öz milli kimliyini isbatlamaq və şovinist rusiyalı ekspertlərin, politoloqların, deputatların "Qazaxıstanı Lenin yaradıb" kimi cəfəng tezisini darmadağın etmək üçün Qazaxıstanın 7 cildlik tarixini nəşr etməyə hazırlaşır.

Sözügedən yeddi cilddən biri ayrıca olaraq məhz Qızıl Orda tarixinə həsr olunacaq.

Müasir Qazaxıstan dövlətinin Qızıl Ordanın varisi olduğunu bəyan etmək üçün isə bu yaxınlarda Astanada çox mötəbər bir beynəlxalq simpozium da keçirildi.

Qazaxıstanın birbaşa Qızıl Ordanın varisi elan edilməsi Kremlə meydan oxumaq idi və Tokayev bundan çəkinmədi.

Yeri gəlmişkən, həmin simpoziumun açılış hissəsində məhz Tokayev şəxsən özü Qazaxıstan dövlətini Qızıl Ordanın varisi elan etdi.

Həmçinin Lenin-Stalin cütlüyünün inşa etdiyi və "xalqlar həbsxanası" adlandırılan sovet-bolşevik rejiminin 20-ci əsrin 30-cu illərində Qazaxıstanda həyata keçirdiyi repressiyalar və süni aclıq faciələrini (qazaxlar buna "Aşarşılık" deyirlər) faktlar və sənədlər əsasında araşdıran kitablar da dərc olunur.

Lap bugünlərdə isə 20 illik fundamental tədqiqat əsəri – Qızıl Orda haqqında mötəbər bir kitab ilk dəfə qazax dilində nəşr olunub.

Söhbət fransız tarixçisi Mari Faveronun "Qızıl Orda: Çöl imperiyası dünyanı necə dəyişdirdi?" kitabının qazax dilinə tərcüməsindən gedir.

Əvvəlcə fransız və ingilis dillərində, indi isə qazax türkcəsində çap edilən tədqiqat əsərində Cuçi Ulusunun tarixi ticarət, diplomatiya və Avrasiyanın köçəri imperiyalarının siyasi quruluşu prizmasından araşdırılır.

Xanım Mari Faveronun sözlərinə görə, bu mövzu Sorbonnada təhsil aldığı müddətdə universitetdə və Fransa akademiyasında demək olar ki, heç kim tərəfindən işlənməyib.

Fransanın Qazaxıstandakı səfirliyinin dəstəyi ilə qazax dilində elmi əsərlərin nəşri proqramı çərçivəsində 1000 nüsxə tirajla nəşr olunan bu kitab fransız müəllifin Qazaxıstan tarixçiləri ilə uzun illər birgə əməkdaşlığının nəticəsidir.

Almatı və Astanadakı təqdimatlardan sonra Mari Faveronun növbəti dayanacağı Türküstan şəhəri olacaq. Çünki Türküstan şəhəri Qazaxıstanın tarixi dəyərlərinin yaşadıldığı ocaq sayılır.

Bax belə.

Qazaxıstanda tarixi məsələlərə strateji sahə kimi yanaşılır.

P.S. Azərbaycanda isə bəzi siyasətçilər, yazarlar, deputatlar Şah İsmayıl Xətaini, Babəki və digər tarixi şəxsiyyətləri gözdən salmaqla məşğuldur. Görünən budur ki, qazax, özbək və qırğızlardan öyrənəcəyimiz çox şey var.

P.P.S. Hərçənd ki, bəzi məsələlərdə (Latın əlifbasına keçid, şəhər və rayon adlarının - toponimlərin milliləşdirilməsi, sovet liderlərinin heykəllərinin sökülməsi, digər sovet simvollarının aradan qaldırılması, Kremlin imperiya siyasətinə etiraz bacarığımız və s.) biz Mərkəzi Asiyadakı qardaşlarımızdan çox-çox irəlidəyik.

Bəybala Mirzəyev

visiontv.az