Hörmüz boğazında yaranan böhran İranın xarici ticarətinə ciddi təsir göstərib. Dəniz daşımalarının məhdudlaşmasından sonra Türkiyə və Pakistan üzərindən İrana yük daşımalarının qiyməti təxminən dörd dəfə artıb.
İranın xarici ticarətinin 80 faizdən çoxu əvvəllər Fars körfəzində yerləşən Şəhid Rəcayi və Xomeyni limanları vasitəsilə həyata keçirilirdi. Dəniz daşımalarının məhdudlaşması ilə ölkə alternativ olaraq quru nəqliyyat marşrutlarından istifadə etməyə məcbur qalıb.
Bu şəraitdə Pakistanın Kəraçi, Qasım və Qvadar limanları, həmçinin Türkiyənin Mersin limanı İran üçün alternativ marşrutlara çevrilib. Ancaq bu marşrutlarda həm əlavə rüsumlar, həm də sərhəd keçidlərində yaranan problemlər daşınma xərclərini artırıb.
Blokadadan əvvəl Çindən İrana bir konteynerin daşınması təxminən 3 min dollara başa gəlirdisə, hazırda bu rəqəm 12 min dollara yüksəlib.
visiontv.az