Təbrizin turizm infrastrukturu konfransda müzakirə olunub
02.12.2023

Şərqi Azərbaycan vilayətinin mərkəzi Təbrizdə universitet müəllimləri və turizm sektorunun ekspertlərinin iştirakı ilə “Vilayətdə turizm sektorunun önündəki əngəllər” adlı bir konfrans təşkil olunub.

Tədbirdə Təbrizin keçmişdə tibbi turizm sahəsində əldə etdiyi yaxşi mövqeyini itirdiyinə diqqət çəkilib.

İranın yarı-rəsmi ISNA agentliyinə istinadən, konfrans Azərbaycan İnkişaf Evi tərəfindən və Təbriz Ticarət Otağında təşkil olunub.

Konfransın katibi universitet müəllimi Rəhim Heydəri Təbriz şəhərinin turizm istiqaməti olaraq ona potensial yaxın səviyyədə olan digər şəhərlərdən daha geridə qaldığı və keçmişdə əldə etdiyi mövqeləri də itirdiyini vurğulayıb.

Heydəri başqa heç bir sənayinin turizm sektoru qədər bir bölgənin gəlirini qısa müddətdə artıra bilməyəcəyini və turizmin regional bərabərsizlik problemini çözə biləcəyini ifadə edib. Lakin o, bunun İranda bu şəkildə irəliləmədiyini önə çəkib.

Professor İranda turizm sektorunun vəziyyətinə diqqət çəkərək deyib ki, “Tehran tək başına ölkədə turizm gəlirinin dörddə birini əldə edir. Təəssüflə turizm bizm ölkədə regional bərabərsizlik probleminin həllinə yardım etmədiyi kimi, onu daha da pisləşdirib. Bu səyahət modelindən qaynaqlanır.”

O, İranda əsas turizm istiqaməti olan İsfahan və Şiraz kimi şəhərlərin önəmli xüsusiyyətlərinin incəsənət, memarlıq, əl sənətləri, ədəbiyyat və musiqi olduğuna işarə edərək deyib ki, “Təbriz bu sahələrdə daha zəngindir ancaq, infrastruktur və turistlərə ev sahibliyi imkanları baxımından İsfahan və Şiraz şəhərləri daha yüksək mövqedədirlər... Təbriz və Şiraz ölkəmizin iki müalicə turizmi istiqaməti idi. Ancaq, Şiraz bu mövqeyini qoruyub və inkişaf etdirərkən, Təbriz keçmişdə sahib olduğu mövqeyi də rahatlıqla itirdi. Çünki, biz Təbrizin bir turizm istiqaməti olaraq imicinə əhəmiyyət vermədik.”

Heydəri Təbrizin turizm probleminin çözüm yolları olaraq, qonşu ölkələrlə dil və mədəniyyət ortaqlığı təməlində birliklərin təsis edilməsi, eləcə də Təbriz, İstanbul və Bakı şəhərləri arasında turların təşkil olunması kimi təkliflər irəli sürüb.

visiontv.az