TBT-nin mənası Təbrizli Tərbiyəsiz Türk deməkdir
16.03.2025

İran İnqilabı Keşikçiləri Korpusunun birinci naziri və Mostazafan Vəqfinin keçmiş rəhbəri Möhsün Rəfiqdost bir çox manşetlərə səbəb olan son müsahibəsində türkləri irqçi bəyanatlarla təhqir edib.

İran İnqilabı Keşikçiləri Korpusunun birinci naziri 1979-cu il İran İnqilabının ilk günlərinə dair xatirələrini danışarkən sahibləri azərbaycanlı türk iş adamları olan TBT şirkəti ilə bağlı "TBT-nin mənasının Təbrizli Tərbiyəsiz Türk olduğunu" dediklərini bildirib.

Müsahibəsinin başqa yerində Möhsün Rəfiqdost Mirhüseyn Musəvinin onun Mostazafan Vəqfinin rəhbəri olmasına qarşı çıxmasının səbəbinin Musəvinin türk damarına sahib olması ilə bağlı olduğunu deyib.

Qeyd edək ki, TBT Nəqliyyat Şirkəti 1954-ci ildə iki türk azərbaycanlı iş adamı Təvəkküli və Bağırzadə tərəfindən qurulan İranın ən əski sərnişin və yük daşıma şirkətlərindən biridir. T.B.T.  onun səhmdarları olan bu iki şəxsin adının abbreviaturasıdır. 1979-cu il İran İnqilabından sonra bu şirkət də onlarla digər türk iş adamının mülkü kimi Mostazafan Vəqfi tərəfindən müsadirə olunub.

İllərdir hakimiyyət piramidasının başında duran Rafiqdost kimi yüksək vəzifəli bir məmurun türk iş adamının əmlakının müsadirə olunmasını belə absurd dillə ifadə etməsindən məlum olur ki, müsadirə və repressiyaların təkcə iqtisadi motivləri yox, həm də etnik və irqçilik kökləri var.

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8