Rusiyanın "t.A.T.u." qrupunun Tbilisidə yanvarın 30-da keçiriləcək konserti ləğv edilib. Məlumatı biletlərin satışı ilə məşğul olan biletebi.ge xidməti təsdiqləyib. "Exo Kavkaza" yazır ki, daha öncə xidmətin saytında konsertin Tbilisi İdman Sarayında keçiriləcəyi göstərilmişdi. Konsertin ləğv olunma səbəbləri açıqlanmayıb.
"t.A.T.u." qrupunu 1999-cu ildə Moskvada prodüser İvan Şapovalov yaradıb. Qrupa Yuliya Volkova və Lena Katina daxil idi. Layihə provokativ xarakterli olub, beynəlxalq auditoriyaya yönəlib.
2000-ci illərin əvvəllərində "t.A.T.u." dünyada tanınıb. Bir-birinə aşiq iki məktəbli qız obrazı ilə qalmaqallı imic yaradıb. Qrupun performansı zamanı səhnədə öpüşlər, lezbiyan mövzusunda kliplər geniş ictimai rezonans, mübahisələr doğurub, qrupa kommersiya uğuru da gətirib. Qrup üzvləri dəfələrlə deyiblər ki, bu obraz prodüser konsepsiyasının bir hissəsi olub, onların şəxsi həyatını əks etdirməyib.
2003-cü ildə "t.A.T.u." Latviyanın paytaxtı Riqada "Avroviziya" mahnı müsabiqəsində "Ne ver, ne boysya" mahnısı ilə Rusiyanı təmsil edib, üçüncü yeri tutub.
2011-ci ildə duetin fəaliyyətinin dayandırıldığı elan edilib, hər iki iştirakçı solo layihələrə fokuslanıb. Amma "t.A.T.u." vaxtaşırı müxtəlif tədbirlərdə, 2014-cü ildə Soçidə Olimpiya Oyunlarının açılış mərasimində çıxış edib.
2022-ci ildən qrup çıxışları bərpa etməyə başlayıb. 2025-ci ilin iyulunda duet yenidən birləşdiyini açıqlayıb, anneksiya olunmuş Krımda konsert verib. Bundan sonra qrup üzvləri "Mirotvorets" saytının bazasına salınıb. Bu bazada olanların Ukraynanın maraqlarına zidd fəaliyyət göstərdikləri bildirilir.
2025-ci ilin oktyabrında "Meduza" nəşri "t.A.T.u."nun Moskvadakı konsertindən reportaj dərc edib. Yazırdı ki, qrup artıq iki qadının sevgisi haqda "Ya soşla s uma" mahnısını ifa etmir. "Ənənələrə hörmət edirik, ölkəmizin qanunlarına riayət edirik, məntiqlə hərəkət edirik", – Y.Volkova daha öncə deyib. 2021-ci ildə o, İvanovo vilayətindən Dövlət Dumasına namizədlərin seçimi üzrə "Vahid Rusiya" partiyasının ilkin seçkilərinə qatılıb.
Rusiya Ukraynaya qarşı genişmiqyaslı işğala başlayandan sonra Rusiyadan çıxmış, müharibəyə açıq etiraz etmiş bəzi rusiyalı musiqi qrupları, sənətçilər Gürcüstanı öz konsert turlarına salırlar. Amma "t.A.T.u." üzvləri müharibəyə qarşı mövqe sərgiləməyiblər. Duet sosial şəbəkələrində Rusiyanın bir neçə şəhərində konsertlər planlaşdırdığı bildirilir.
visiontv.az