Ağrıdağ vadisində, İrəvan çuxuru ərazisində, Araz çayının sol sahili boyu uzanan tarixi Azərbaycan ərazisi, İrəvan xanlığının 15 mahalından biri. Şimal-qərbdən Zəngibasar mahalı (Zəngibasar rayonu), şimaldan Qırx-bulaq mahalı (Ellər rayonu), şərqdən, cənub-şərqdən və cənubdan Vedibasar mahalı (Vedi rayonu), nəhayət, cənub-qərbdən Araz çayı vasitəsilə Türkiyə ərazisi ilə həmsərhəd idi.
İrəvan xanlığı Rusiya tərəfindən işğal olunduqdan sonra İrəvan qəzasının Gərni nahiyəsi, Sovet dövründə, 09.09.1930-cu ildənə “Ermənistan SSR“-in Qəmərli (04.09.1945-cı ildən – Artaşad) rayonu kimi mövcud olmuşdur.
Ərazisi 507 kv. km-dir, relyefinə görə bir-birindən kəskin şəkildə fərqlənən düzənlik və dağlıq hissələrindən ibarətdir. Mərkəzi İrəvan şəhərindən 29 km cənubda, İrəvan-Naxçıvan-Bakı dəmiryol xəttinin və İrəvan-Naxçıvan-Culfa avtomobil yolunun üstündə yerləşən Qəmərli (04.09.1945-cı ildən – Artaşad) qəsəbəsi (1961- ci ildən respublika tabeli şəhər) idi.
Qamər türklərinin adını yaşadan Qəmərli şəhərinin yaxınlığında qədim şəhər qalıqları var ki, erməni alimləri həmin şəhərin qədim Artaşat şəhəri olduğunu Ərmən çarı I Ərtaşın (ermənicə: I Artaşes, yunan mənbələrində: I Artaksi) hakimiyyət illərində – miladdan əvvəl 189-160-cı illərdə tikildiyini yazırlar.
Lakin araşdırmalarımız sübut edir ki, ermənilərin bu iddiasının heç bir elmi əsası yoxdur, Ərtaş tərəfindən tikdirilən qədim Artaşad şəhəri Vedibasar mahalının Xorvirab adlanan ərazisinə düşür. Yeri gəlmişkən, Ərtaşın da ermənilərə heç bir idiyyatı yoxdur, o qədim türklərin daşər qolunun nümayəndəsi olmuşdur.
1987-ci ilin məlumatına görə, Qəmərli rayonunda 1 respublika tabeli şəhər (Qəmərli), 13 kənd sovetliyi, ümumiyyətlə, 40 yaşayış məntəqəsi mövcud olmuşdur.
Gərnibasar mahalının istər dağlıq, istərsə də düzənlik hissəsi az qala bütün Gərnibasar ərazisini kəsib keçən və mahalın öz adını aldığı Gərni çayı tərəfindən iki yerə bölünürdü.
Ən qədim adı Böyük Amor, Artaşad şəhəri salınıb, vilayətin paytaxtı ora köçürüləndən sonra Azad, türk tayfaları tərəfindən Qarni//Gərni qalası möhkəmləndirildikdən sonra isə Gərniçay adlanan bu çay öz mənbəyini mahalın dağlıq hissəsindən, Ağmanqan (Gögdağ) dağ silsiləsinin yüksək zirvələrindən götürürdü. Mənbəyində iki əsas qoldan ibarət idi. Soldakı qol qərb tərəfdən – Görgəc monastırının yuxarısından, sağdakı isə Gilənar kəndinin şərqindən axıb, hər ikisi çoxlu irmaqları qəbul edib, Baş Gərni kəndinin aşağısında birləşirdi. Burada Gərniçay adını alan çay üzü cənuba doğru sürətlə axaraq Cənnətli kəndinin aşağısında düzənliyə çıxır, buradan başlayaraq çoxlu arxlara bölünürdü (demək olar ki, hər kəndin öz arxı vardı). Hətta bəzən isti yay günlərində çayda su o qədər azalırdı ki, heç Araza gedib çatmırdı. İ.Şopen Gərni çayının uzunluğunun cəmi 50 verst olduğunu və Çinəxanlı kəndinin yuxarısında Araz çayına töküldüyünü də qeydə almışdır.
Gərni çayı Körpüqulağı kəndinin aşağısında həmçinin kiçik Aydərə və Güllücə çaylarını da qəbul edirdi. Doqquzbulaq çayı Doqquz kəndinin bağlarından axıb Gərni çayına, Şeyxzadəli çayı eyniadlı kənddən, Nazlıxan çayı Darğalı kəndindən başlayıb, Araz çayına tökülürdü.
Bütün bu su mənbələrindən başqa, rayon ərazisinin düzənlik hissəsini iki hissəyə bölüb keçən Zəngi-Vedi (keçmiş Stalin) kananalının da Gərnibasar mahalı ərazisinin suvarılmasında böyük rolu vardı.
Şəkillərdə:
1. Qəmərli şəhəri
2. Baş Gərni kəndi
3. Baş Gərni kəndi
4. Gərni məbədi
5. Garnibasar mənzərəsi
6. Doqquz kəndi
7. Cənnətli kəndi
8. Darğalı kəndi
Millət vəkili Əziz Ələkbərli
visiontv.az