Süni intellekt (Sİ) ilk dəfə insan müdaxiləsi olmadan (lakin müşahidə altında) mürəkkəb cərrahi əməliyyatı uğurla həyata keçirib. O, Da Vinci adlı robotu tam müstəqil şəkildə idarə edərək bir heyvan üzərində öd kisəsinin çıxarılması (xolesistektomiya) əməliyyatını icra edib. Bu sistem — SRT-H (Surgical Robot Transformer) — peşəkar cərrahın dəqiqliyinə bərabər səviyyədə nəticə göstərib.
SRT-H, transformer tipli neyron şəbəkə əsasında qurulub. Bu tip modellər (məsələn, ChatGPT-də istifadə olunan texnologiya) konteksti geniş şəkildə analiz edərək addım-addım qərar qəbul edə bilir. İndi gəlin bu texnologiyanın necə işlədiyinə, necə öyrədildiyinə və tibb sahəsində hansı yeni imkanları açdığına nəzər salaq.
Layihə haqqında
2025-ci ilin əvvəlində ABŞ Johns Hopkins Universiteti tədqiqatçıları SRT-H adlı yeni texnoloji cərrah sistemini təqdim etdilər. Bu sistem, Da Vinci robotunu istifadə edərək bir donuz üzərində öd kisəsinin çıxarılması əməliyyatını insan müdaxiləsi olmadan həyata keçirdi. Əvvəlki sistemlər yalnız insana dəstək verir və insanın idarəsinə ehtiyac duyurdu. Lakin SRT-H artıq tam müstəqil qərar verə bilir.
SRT-H iki hissədən ibarətdir:
Yüksək səviyyəli modul – əməliyyatın mərhələlərini planlaşdırır, vizual məlumatı və konteksti analiz edir.
Aşağı səviyyəli modul – bu qərarları robotun manipulyator hərəkətlərinə çevirir.
Bu arxitektura robota anatomik fərqlərə və əməliyyat zamanı dəyişikliklərə real vaxtda uyğunlaşmağa imkan verir. Maraqlısı odur ki, sistem artıq mövcud olan Da Vinci robotunun açıq versiyası üzərində qurulub. Yəni sıfırdan yeni robot qurmaq lazım deyil, sadəcə proqram təminatı uyğunlaşdırılmalıdır.
Əməliyyat necə baş tutdu?
SRT-H imitasiyalı öyrənmə metodundan istifadə edir: sistem əvvəlcə insan cərrahı izləyir, onun hərəkətlərini analiz edir və sonra onları təkrarlamağı öyrənir.
Xolesistektomiya 17 mərhələyə bölünüb – məsələn, qısqacların yerləşdirilməsi, kanalların kəsilməsi və s. Robot bu mərhələləri 17 saatlıq öyrənmə ilə mənimsəyib və standartdan kənar anatomik quruluşlarda belə düzgün qərar verə bilib.
visiontv.az