Sumqayıtda məktəblilər narkotik asılılığının fəsadları barədə məlumatlandırılıb
17.10.2025

Sumqayıt şəhərində 4, 11, 12 və 35 saylı orta məktəblərdə yeniyetmələr arasında narkomaniyanın qarşısının alınmasına yönələn maarifləndirici görüşlər keçirilib.

Visiontv.az “Narkotiklər, Zərərli Asılılıqlar Əleyhinə Səfərbərlik Mərkəzi” İctimai Birliyinin “Narkomaniyaya YOX deyək” layihəsi çərçivəsində baş tutan tədbirlərdə 9–11-ci sinif şagirdləri iştirak ediblər.

Görüşlərdə narkotik vasitələrin yaratdığı risklər, asılılığın insan həyatına təsiri və zərərli vərdişlərdən qorunmağın yolları müzakirə olunub. Yeniyetmələrin sağlam həyat tərzinə təşviq edilməsi və onların narkotik vasitələrə qarşı məlumatlı mövqeyinin formalaşdırılması əsas mövzulardan olub.

Tədbirlər zamanı şagirdlərə narkotik asılılığının fiziki və psixoloji sağlamlığa, ailə münasibətlərinə və sosial həyata mənfi təsirlərini əks etdirən sosial çarxlar və filmlər təqdim edilib. Psixoloqlar da görüşlərdə iştirak edərək məktəblilərin suallarını cavablandırıb, zərərli təsirlərə qarşı müqavimət göstərmək və düzgün qərarlar vermək məsələləri ətrafında müzakirələr aparıblar.

Maarifləndirmə çərçivəsində narkotik asılılığından əziyyət çəkmiş şəxslərin həyat təcrübələrinə də yer verilib. Onların yaşadıqları çətinliklər və asılılığın doğurduğu nəticələr barədə danışmaları şagirdlərə problemin real tərəflərini daha yaxından anlamağa imkan yaradıb.

İctimai Birliyin sədri, tanınmış bloger Nail Kəmərli gənclərin zərərli asılılıqlardan qorunmasının ümumi ictimai məsuliyyət olduğunu vurğulayıb. O bildirib ki, məktəblilərlə aparılan maarifləndirmə işində nəzəri məlumatlarla yanaşı, real həyat hekayələrindən istifadə olunması və sağlam seçimlərin əhəmiyyətinin izah edilməsi vacibdir.

Qeyd edək ki, “Narkotiklər, Zərərli Asılılıqlar Əleyhinə Səfərbərlik Mərkəzi” İctimai Birliyi narkotik vasitələrə və digər zərərli asılılıqlara qarşı mübarizə, eləcə də əhalinin maarifləndirilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirir.