Sovet dövründə Azərbaycanın siyasi elitasında milliləşmə problemləri - üçüncü hissə
Sovet dövründə Azərbaycanın siyasi elitasında milliləşmə problemləri - üçüncü hissə
21.02.2023 Adıgözəl Məmmədov Tərəfindən

İstedadlı tədqiqatçımız Adıgözəl Məmmədovun tariximizin bu gizli məhcullarına gün işığı tutan “BÖYÜK AZƏRBAYCAN NAMİNƏ BAĞIR SEYİDZADƏ” kitabı bu yaxınlarda oxucuların ixtiyarına veriləcək. Kitab Azərbaycanın tanınmış ictimai-siyasi xadimi, diplomat, jurnalist, tərcüməçi Bağır Mirqasım oğlu Seyidzadənin həyat yolundan bəhs edir. 1950-ci illər elə dövr idi ki, artıq bu zamandan başlayaraq Azərbaycanın rəhbər elitasında, xüsusilə siyasi cəhətdən yetkin gənclərə daha çox üstünlük verilirdi. Bununla da rəhbər vəzifələrdə azərbaycanlılaşdırma siyasəti həyata keçirilirdi.Kitabda bu mövzudan geniş bəhs edilir.

Mir Cəfər Bağırovun azərbaycanlılaşdırma siyasətindən narazı qalan daşnak xislətli  erməni qruplaşmaları Moskvaya ardı-arası kəsilmədən  şikayət və bir çox hallarda anonim məktublar göndərirdilər. Məsələn:Elmlər Akademiyasının ilk prezidenti,Azərbaycanın tanınmış cərrahı, Azərbaycan Tibb Universitetinin kafedra müdiri Mir Əsədulla Mirqasımov seçilmişdi. Moskvaya Mir Əsədulla Mirqasımovdan kütləvi şəkildə məktublar yazılırdı ki, necə olur ki, siyasi əhəmiyyətli strateji bir müəssisə, kommunist partiyasının mənsubu olmayan bir şəxsə etibar edilir. Sovet cəmiyyətinə zidd olan bəy nəslinin nümayəndəsi Elmlər Akademiysının prezidenti seçilir ?  Mir Cəfər Bağırovu ittiham atəşinə tutmuşdular ki, necə olur Azərbaycan rəhbəri buna imkan yaradır? Vəziyyət o həddə gəlib çatmışdı ki, artıq Azərbaycan rəhbərliyində təmsil olunan seyidlərin siyahısı verilirdi. Məsələn, Mərkəzi Komitənin ikinci katibi Mirhəsən Seyidov, MK-nin katibi Mirteymur Yaqubov, Elmlər Akademiyasının prezidenti Mirəsədulla Mirqasımov, sonradan yeni təyin olunmuş kinematoqrafiya nazirinin seyidliyə bağlılığı bu qüvvələri lap hövsələdən çıxartmışdı. Moskvaya yazırdılar ki, Mir Cəfər Bağırov  sovet cəmiyyətinə, sovet əxlaqına, bolşevik ideyalarına zidd  seyidlər hakimiyyəti qurmuşdur. Mir Cəfər Bağırovu həm də o ittiham altında  buraxırdılar ki, güya Azərbaycanın Kommunist Partiyasının Mərkəzi Komitəsində  seyid qruplaşması formalaşmışdır. Bir tərəfdən də Heydər Hüseynov məsələsi hadisələrin gedişinə  xüsusən təsir etdi.  Mir Cəfər Bağırova qarşı oynanılan bu oyun baş verən proseslərin arxasında gizlənən məqamlardan və  daşnak xislətli erməni siyasi elitasının Bağırova qarşı hazırladığı planlardan xəbər verirdi.


Azərbaycanın görkəmli alimi və ilk akademiklərindən biri Heydər Hüseynov Mirzə Kazim bəyin yaradıcılığına müraciət edərək onu tədqiq edirdi. Xüsusən də Azərbaycanda birləşdirici simvol kimi Şirvanşah İbrahim Dərbəndinin təbliğ olunduğu dövrdə o, Mirzə Kazım Bəyin Şirvanşahlar tarixi ilə bağlı araşdırmalarına və tərcümələrinə müraciət etmişdi və ondan yararlanaraq yeni konsepsiyanın formalaşmasında iştirak etmişdi. Ona görə  də  o, belə hesab edirdi ki, (arxivdə nəşrinə qadağa qoyulmuş Heydər Hüseynovun  Mirzə Kazım Bəyin yaradıcılığı və həyatı ilə bağlı çox ciddi tədqiqat əsəri  vardır (ARPİİİSSA F.1.Siy.32,S.V.113) İnşallah, yaxın gələcəkdə onun bu tədqiqatını nəşr etdirəcəm-A.M.) Mircəfər Bağırov tərəfindən Mirzə Kazım bəyin yaradıcılığına, xüsusən də onun Şirvan tarixi ilə bağlı araşdırmalarına və tərcümələrinə  müsbət münasibət olduğundan, Şeyx Şamil və müridizm əsəri ilə bağlı araşdırması da yaxşı qarşılanacaqdır.Ona görə də Heydər müəllim  Şeyx Şamili müsbət   konteksdə göstərən bir kitab yazmağa qərar vermişdi. Amma kitab yazıldıqdan sonra Heydər Hüseynov olmazın təqiblərə məruz qalır. Bir çox müəlliflər  kitabın  Bağırovdan xəbərsiz Stalin mükafatına layiq görülməsini, Azərbaycan rəhbərinin Hedər Hüseynova qısqanclığı kimi izah edir. Əsl səbəb bu deyildi, Heydər Hüseynov bir məsələni nəzərə almamışdı ki,  dövrün siyasi konyukturası dəyişmişdi. Yəni əgər bir neçə il öncə Mirzə Kazım bəyin Şirvan tarixi ilə bağlı araşdırmaları və ya tərçümələri müsbət qarşılanırdısa,Türkiyə ilə əlaqəli baş verən son proseslər  dövrün siyasi konyukturasını dəyişmişdi. Bunu hiss etməyən bizim dəyərli və gözəl ədibimiz, bax, bu intriqaların qurbanına çevrildi.
Artıq Şirvanşah İbrahim Dərbəndi deyil , XVIII əsrdə Quba xanı olmuş Fətəli xan təbliğ olunurdu. Fətəli xanın  birdən-birə təbliğ olunmasının səbəbi o idi ki, o, Azərbaycan xanlıqlarını birləşdirmək siyasətini yeritsə də, xarici siyasətdə Rusiya imperiyası ilə yaxınlığına görə dövrünün digər xanlarından seçilmişdi. Ona görə də Həzi Abdullayevin 1948-ci ildə çapdan çıxmış “Fətəli xanın Azərbaycan torpaqlarının birləşdirilməsi uğrunda mübarizəsi və onun xarici siyasəti” adlı kitabı M.C.Bağırov tərəfindən yüksək qiymətləndirilmiş və kitabın Azərbaycan Dövlət Universitetinin Elmi Şurasında müzakirəsində şəxsən özü iştirak etmişdi. 
Heydər Hüseynov isə M.C.Bağırovun ən etibar elədiyi şəxslərdən biri olmuşdur. M.C.Bağırov həmişə Heydər Hüseynov yaradıcılığına hörmətlə yanaşmışdır. Əslində Heydər Hüseynovu ilk dəfə üzə çıxaran Bağır Seyidzadə olmuşdu. “Gənc işçi” qəzetində Bağır Seyidzadə ilə birgə işləmiş mərhum jurnalistimiz Abbas Zamanov xatırlayırdı ki :
“ Bir gün qəzetin məsul katibi Bağır sevinə-sevinə bizə - “ inanmayacaqsız, çox-çox dərin bilgiyə malik insan qəzetimizə təşrif buyurmuşdur, onun yazısını gətirmişəm və o yazını qəzetdə çap etdirmək istəyirəm.”-deyə bildirdi. Beləcə fenomenal, bilgiyə malik Azərbaycan tarixini dərindən bilən və Azərbaycan milli fikrinin tədqiqatçısı Heydər Hüseynovun ilk yazısı  Bağır müəllimin vasitəsilə bizim qəzetdə çap olunmağa başlanıldı”.
1948-ci ildə M.C.Bağırovun təqdimatına əsasən, H.Hüseynov, Y.Mirbabayev, A.Orucov “Rus-Azərbaycan lüğəti”nin tərtibatına görə Stalin mükafatına layiq görülmüşdülər.O, SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının müstəqil Elmlər Akademiyası kimi formalaşdırılmasına dair Moskva ilə danışıqların aparılmasınıda H.Hüseynova tapşırmışdı. 
Kiçik bir haşiyə çıxıb onu da qeyd etmək istəyirəm  ki, yeni yaradılan Azərbaycan Elmlər Akademiyasının ilk akademikləri içərisində xalqımızın böyük oğulları, cəfakeş alimləri cəmləşmişdi. O cümlədən, hörmətli alimimiz, akademik Həsən Əlirza oğlu Əliyev də Azərbaycan Elmlər Akademiyasının yaradıcılarından biri idi.

Ümumiyyətlə, M.C.Bağırovda insanların potensialını duymaq qabiliyyəti var idı. O, Həsən müəllimə böyük hörmətlə yanaşırdı. Həsən müəllimin savadı, işgüzarlığı, saflığı və daxili mədəniyyəti M.C.Bağırovda ona qarşı hörmət formalaşdırmışdı. M.C.Bağırovun təqdimatına əsasən, respublikada xüsusən aqrar sahədə məsul vəzifələr Həsən müəllimə etibar edilirdi. Bu vəzifələrin öhdəsindən ləyaqətlə gələn Həsən müəllim öz elmi işlərini də paralel davam etdirirdi. Həsən müəllimin oğlu Rasim Əliyev atasının ona söylədiyi xatirələrə əsasən “Lider” telekanalına müsahibəsində demişdi: “Atam bir gün M.C.Bağırova yaxınlaşıb deyir ki, Ermənistan və Gürcüstanda astrofizika rəsədxanaları mövcuddur. Belə bir rəsədxananın Azərbaycanda da yaradılması astrofizika elminin inkişafı ilə bərabər, sinoptik qeydlər aparmaqla kənd təsərrüfatının inkişafına təkan verərdi. M.C.Bağırov Həsən müəllimin bu təklifini yüksək qiymətləndirir və rəsədxana Şamaxı dağlarında yerləşdirilir. M.C.Bağırov tikinti kompleksinə rəh¬bərliyi də Həsən müəllimə həvalə edir. Mütəxəssislərin qeyd-lərinə görə, Şamaxı rəsəxanasının optik linzaları öz fiziki-kimyəvi göstəricilərinə görə, indi də bir çox rəsədxanalardan üstündür.”
Yuxarıda qeyd etdiyim kimi, 1949-cu ildə Heydər Hüseynovun yeni çapdan çıxmış kitabında Şeyx Şamil haqqında yazdığı müsbət fikirlər gözlənildiyi kimi, Bağırov tərəfindən amansızlıqla atəşə tutuldu. Nəyə görə Heydər Hüseynovla səmimi ünsiyyət saxlayan M.C.Bağırov ona qarşı münasibətini dəyişdi və barışmaz mövqe tutdu? M.C.Bağırov 1950-ci ildə “Müridizm və Şamil hərəkatının xüsusiyyətləri barədə” kitabında yazırdı: “Heydər Hüseynov Şamil hərəkatını azadlıq və mütərəqqi addım kimi qiymətləndirir. Bu qiymət marksist nöqteyi-nəzərdən və siyasi baxımdan səhv, tarixi həqiqətlərə və tarixi materializmə ziddir. Müridizm İslamda daha savaşqan və irticaçı cərəyan olmuşdur və xalq kütlələrinə qarşı zülm aləti kimi istifadə olunmuşdur. İşğalçı türk ordusuna, ingilis müstəmləkəçilərin maraqlarına qulluq etmişdir. O, Dağıstanı Rusiyadan ayırmağa çalışmış, Qafqaz xalqları arasında rus xalqına qarşı nifrət hissi oyatmışdır. Ona görə də Şamil hərəkatı sırf mürtəce xarakter daşımış, inqilabi hərəkatın maraqlarına ziddiyyət təşkil etmiş, Dağıstanda zəhmətkeş qüvvələrin sinfi özünüdərk prosesinə ləngidici təsir göstərmişdir”.
Sözsüz ki, yuxarıdakı fikirlər oxucuda Bağırov tərəfindən irəli sürülən  arqumentin dövrün konyukturasına kökləndiyi təsəvvürünü yaradır. Lakin o, buna məcbur idi.
II Dünya müharibəsindən sonra, 1945-ci ilin sentyabrında ABŞ qoşunları Cənubi Koreyaya girmişdi. SSRİ, ABŞ və Böyük Britaniyanın xarici işlər nazirlərinin Moskva müşavirəsinin (1945, dekabr) qərarına əsasən, Koreya müvəqqəti olaraq, 38-ci paraleldən Şimala (Sovet təsiri zonası-A.M.), Cənuba (ABŞ təsiri zonasına-A.M.) bölündü. Sovet zonasında Şimali Koreya Xalq Demokratik Respublikası, cənubda isə Cənubi Koreya Respublikası yaradıldı. 1949-cu il oktyabrın 12-də KXDR ilə birinci diplomatik münasibətləri SSRİ yaratdı, iqtisadi-mədəni əməkdaşlıq haqqında müqavilə imzalandı. Lakin artıq atom silahını əldə etmiş Stalin 1945-ci il Moskva müşavirəsində razılaşdırılmış bəndləri pozaraq, Şimali Koreyada yeni dövlət quruluşunun formalaşmasına şərait yaratdı. Bu da beynəlxalq ictimaiyyət, xüsusilə də, ABŞ tərəfindən kəskin etirazla qarşılandı.
ABŞ SSRİ-nin bu addımına qarşı Birləşmiş Millətlər Təşkilatında xüsusi qətnamə qəbul etdirdi. 1950-ci il iyunun 25-də 16 dövlətin silahlı qüvvələri BMT-nin sülhməramlı qoşunları adı altında Cənubi Koreyadan Şimali Koreyaya doğru hücuma başladı. Bu qoşunların say tərkibinə görə, ABŞ-dan sonra ikinci sırada Türkiyə hərbi qüvvələri idi. Artıq Koreya cəbhəsində sovet əsgəri ilə BMT sülhməramlıları adı altında türk əsgəri üz-üzə gəlmişdi!
Belə bir məqamda Heydər Hüseynovun türk və İslam  mövqeyində duran Şamil haqqında kitab yazması və onun Stalin mükafatına layiq görülməsi çox qəribə idi. Amma hadisələrin əsl mahiyyəti heç də göründüyü kimi deyildi. Artıq Cənubi Azərbaycanda siyasi hərə¬kat zamanı M.C.Bağırovun mövqeyi Kremldə əyləşənlərə yaxşı bəlli idi. Onun Stalinə göndərdiyi milli ruhlu məktublarını yuxarıda diqqətinizə çatdırmışam. Ona görə də M.C.Bağırov hər dəfə Moskvaya səfəri zamanı Siyasi Büronun üzvləri ilə söhbətlərində, eləcə də “Azərbaycan ziyalılarının növbəti vəzifələri haqqında” kitabında İran Azərbaycanı məsələsini qaldırırdı. O, 1945-ci ildə başa çatdıra bilmədiyi Cənubi Azərbaycandakı siyasi prosesləri yenidən bərpa etdirmək istəyirdi. Sözsüz ki, erməni-daşnak siyasi klanı buna laqeyd qala bilməzdi. Onlar hər vasitə ilə Bağırovu Stalinin gözündən salmaq üçün müxtəlif kartlardan istifadə etməyə çalışırdılar. Bu baxımdan, Heydər Hüseynovun birdən-birə “müridizmi təbliğ edən” əsərinin ölkənin ali dövlət mükafatına layiq görülməsi, əslində, M.C.Bağırovun əleyhinə hazırlanmış planın görünməyən tərəfi idi. Ona görə də tükü-tükdən seçən M.C.Bağırov küləyin haradan əsdiyini gözəl duymuşdu. Ancaq çox təəssüf ki, bu oyunun qurbanı Azərbaycanın böyük filosofu, ictimai-siyasi xadim Heydər Hüseynov oldu.
Heydər Hüseynov ətrafında baş verən hadisələrlə  bağlı Mirhəsən Seyidov yazırdı (Tam məxfi-Mirhəsən Seyidov, xatirələr” əlyazma): “Onun iştirakı ilə 1945-ci ildə Respublika Elmlər Akademiyası təşkil edilmiş və o, bu akademiyanın birinci vitse-prezidenti olmuşdu. Heydər Hüseynov “XIX əsrdə Azərbaycanda fəlsəfi fikrin inkişafına dair” adlı əla monoqrafiya yazmış və bu əsər dərhal respublika və onun hüdudlarından kənarda ictimaiyyətin diqqətini cəlb etmişdir. 1949-cu ildə elm və texnika, ədəbiyyat sahəsində ən yaxşı əsərə görə Stalin mükafatlarının verilməsi haqqında fərman dərc olundu, onların arasında Heydər Hüseynovun da adı var idi. Onun bütün dostları və yoldaşları, o cümlədən mən onu bu əlamətdar hadisə münasibətilə təbrik etdim. Həmin vaxt bəzi paxıl kinli, tənqidçilər onun monoqrafiyasında Moskvada hakim dairələr arasında mübahisə və mənfi münasibət yarada biləcək sətirlər axtarmağa başladılar. Onlar müridilik problemindən yapışmışdılar və bu baxımdan Şimali Qafqazın dağlı xalqlarının çarizmin boyunduruğundan azad edilməsi uğrunda mübarizədə İmam Şamilin roluna xüsusi yer ayıran Heydər Hüseynovu Osmanlı imperiyasına yarınmaqda ittiham edirdilər. Təbii ki,  Şamilin tarixdəki bu rolu kommunist ideologiyasının, daha doğrusu,  şovinist ideyaların  daşıyıcılarının verdiyi qiymətlə üst-üstə düşmürdü. Bağırovla Hüseynov arasında münaqişə  də elə bu səbəbdən oldu. Biz  Heydərlə  dost idik. Mən  ona qarşı edilən bu qeyri-insani davranışın qarşısını almaq üçün əlimdən gələni etdim, onu sakitləşdirməyə çalışdım,  amma heyif, Heydər uzlaşmaya doğru ən azı yarım addım belə atmadı, öz mövqeyində dayandı. Ona görə də bizim (görünür, Mirhəsən Seyidov “biz” dedikdə həm də M.C.Bağırovu nəzərdə tutur-A.M) inandırmağımızı, məsləhətlərimizi, xahişlərimizi Heydər Hüseynov qulaqardına vurdu.

Qızğın müzakirələr başladı və nəticədə Bağırov “Bolşevik” jurnalında geniş məqalə dərc etdirərək, SSRİ hökuməti qarşısında Stalin mükafatının Heydər Hüseynova verilməsi qərarının ləğvi ilə bağlı məsələ qaldırdı. Tezliklə  son dərəcə ədalətsiz, ölümcül bu qərar verildi. Bu, Bağırovun ən böyük səhvi idi. Ən yaxın dostu hesab etdiyi bəzi şəxslərin ondan üz döndərməsi, görüşdən boyun qaçırması da ona çox təsir etdi. Nəticədə taleyüklü gün gəldi və o, özünə əl qoydu. Uzun illər keçdi, hələ də bu əsasda onun ölümünü yaşayıram, onu xilas edə bilmədiyimə, bu fəlakətin qarşısını ala bilmədiyimə görə özümü bağışlaya bilmirəm”. 
Bəli Heydər Hüseynov təzyiqlərə tab gətirə bilmədi. Üzdəniraq, simasız ziyalıların, məddahların, boşqab dibi yalayanların təhqirlərinə dözə bilmədi. Nəticədə bir dəfə vena damarını kəsdi, amma akademik Topçubaşov onu ölümdən xilas etdi. Xəstəxanadan çıxdıqdan bir neçə gün sonra isə Heydər Hüseynovu bağ evində özünü asmış vəziyyətdə tapdılar.

Ardı var 

visiontv.az