"Bakı Enerji Həftəsində bir sıra mühüm sessiyalar təşkil olunacaq. Bunlar arasında "Dayanıqlı və şaxələndirilmiş enerji gələcəyi üçün beynəlxalq əməkdaşlıq" mövzusunda nazirlərin plenar sessiyası, "Təbii qaz bazarları: infrastruktur, strategiya və geosiyasət", "Enerji körpüləri: yaşıl enerji və regional inteqrasiya", eləcə də "Enerjinin gələcəyi: data mərkəzləri, hidrogen və kiçik modul reaktorları" mövzularında sessiyalar yer alacaq".
Bunu Energetika Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təhlükəsizliyi şöbəsinin müdiri Amil Həsənov Bakı Enerji Həftəsi və "TransLogistica Caspian" sərgisinə həsr olunmuş mətbuat konfransında deyib.
A.Həsənovun sözlərinə görə, bu il Bakı Enerji Həftəsi çərçivəsində ilk dəfə olaraq D8 ölkələrinin energetika nazirlərinin iclasının keçirilməsi nəzərdə tutulur:
"Bununla yanaşı, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) tərəfindən Mərkəzi Asiyada bərpaolunan enerji keçidinin təşviqinə həsr olunmuş nazirlər səviyyəsində dialoq da təşkil ediləcək".
Şöbə müdiri əlavə edib ki, Bakı Enerji Həftəsi çərçivəsində ESCO şirkətlərinin nümayəndələrinin iştirakı ilə xüsusi tədbirin keçirilməsi planlaşdırılır:
"Tədbirdə ESCO şirkətlərinin beynəlxalq təcrübəsi, performans əsaslı maliyyələşdirmə mexanizmləri və Azərbaycanda enerji səmərəliliyi sahəsində mövcud potensial müzakirə ediləcək. Məqsəd enerji səmərəliliyinin artırılması istiqamətində ESCO modelinin Azərbaycanda institusional və investisiya mexanizmi kimi təşviqinə dəstək verməkdir".
visiontv.az